Düşündüklərini paylaşmaq hər zaman asan olmur. Psixoloji vəziyyətin gərgin durumları çox vaxt səhv düşüncələr yaradır.Bu səhv düşüncələrin ağırlığı əlbəttə ki, psixoloji durumlara məruz qalan qəlbin əsl simasını göstərir. Yüksək iradə sahibi olanlar belə hərdən bu məhkumluğa məruz qalar. Amma təbii ki, bu, yüksək duyğu sahibləri üçün qorxulu deyil.
Düşüncələri paylaşmaq arzusunun qəlbin gözəl işıqlı dünyasında aydınlaşmasını arzu edirəm. Gözəl arzuların reallaşmasının ilk yolu daim işıqlı olarsa, demək ki, həyatda çox uğurlar qazana bilərik. Eyni, oxşar fikirli insanların birgə ömür yolu isə xoşbəxtliyin təməl daşıdır.
Mənim fikrimcə, xoşbəxtliyi görməmək gözüdoymazlığın, dardüşüncəliliyin, təmbəlliyin əlamətidir və bu nəticə güclü depressiya yaradır. İmtahan dünyasında yaşadığımızı unuduruq. Bu kimi insanları yola gətirmək çox çətindir. Buna əsrlər bəs etməyib və çox şükür ki, onlar gözü tox insanlara qalib belə gəlməyib.
Yaşadığımız dünyanın ağıllıları cahilləri də qoruyur, beyin fəsadından çıxara bilməsələr də…Amma cavanların səhv fikirləri ilə mübarizə ümidlərə son vermir. Bu yolda əldə edilən fenomenal nəticələr xoş sabahlara inam yaradır. Nə qədər çətin vəziyyətdə yaşayanlarımız olsa da, elmi-dünyəvi fikirlərin ittihabı bütün çətinliklərə necə qalib gələcəyimizə yol açacaq. İmtahanın sonu qalibiyyətlə bitəcək. Çox uzun gördüyümüz bu yol bitəndə, o uzunluq çox az görünəcək.
Dini, fəlsəfi fikirlərdən uzaqlaşıb həyata qayıdaq: Necəsiz? Özünüzü çox yormayın. Əlinizdən nə gəlir onu edin, amma mütləq edin!
Soyuğa, küləyə, yağışa qarşı durmağı öyrənin. Bunlar insanlar qədər çətin deyillər, kin saxlamırlar, hərdən köməkləri də olur. Amma çovğun qəlbimizdə qopmasın. Onun hər zaman fəsadları olur. O fəsadları qaldırmaq isə zaman tələb edir.
Zamanımız xoş əməllərə, biliyə, yaradılışa, gəzməyə, qəlbimizdə xoşbəxtlik quruluşuna sərf olunsun.
Sənubər Səhər