Şəhidin həyat yoldaşı: “Övladlarını mənə tapşırdı” – FOTO

0
318

44 günlük Vətən müharibəsində ordumuz düşmən üzərində şanlı qələbə qazandı. 

Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçdilər.

Onlardan biri də Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi Sübhan Məmmədlidir. O, 1994-cü il avqustun 12-də Naxçıvanın Kəngərli rayonunun Xıncab kəndində anadan olub.

2000-2009-cu illərdə Xıncab tam orta məktəbində, 2009-2012-ci illərdə Heydər Əliyev Adına Hərbi Liseydə təhsil alıb. 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. 

Sübhan Məmmədli 2016-cı ildə leytenant rütbəsi alaraq Ordu sıralarına daxil olub. 

Xidmətə Bərdə şəhərində yerləşən N saylı hərbi hissədə başlayıb. 2017-ci il may və sentyabr aylarında Tərtər rayonu istiqamətində ön xətdə xidmət edib. 

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində cəbhənin ön xəttinə yollanaraq orada qəhrəmanlıq göstərib.

Şəhidin həyat yoldaşı Aminə Məmmədli bildirib ki, Sübhanla Mingəçevir şəhərində tanış olub:

“2016-ci ildə mən Mingəçevir Dövlət Universitetinə qəbul oldum. Həmin ilin sentyabrın 27-də biz tanış olmuşuq. Sübhan o qədər tərbiyəli bir insan idi ki… Dekabr ayında biz nişanlandıq. Çox xoşbəxt idik. Hər zaman mənə qız atası olacağını deyirdi. 2018-ci il may ayının 6-sı ailə həyatı qurduq və bizim Ömür deyə qızımız dünyaya gəldi”.

O deyir ki, Sübhan Tovuz döyüşlərində general-mayor Polad Həşimovun şəhid olmasından sonra çox sarsılıb:

“Sentyabrda Sübhan məzuniyyətdə idi. Ayın 26-da zəng gəldi və təlimlərlə bağlı işə qayıtmalı olduğu bildirildi. Sentyabrın 27-də yola düşəndə müharibəyə getdiyini dedi və övladlarını tapşırdı. Mən həmin vaxt ikinci övladımıza hamilə idim. 2020-ci il oktyabrın 6-da düşmənlə döyüşdə, Füzuli rayonu ərazisində mərmi qəlpəsi nəticəsində qəhrəmancasına şəhid olub”.

Şəhidimiz “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. 

S.Məmmədli İkinci Şəhidlər xiyabanında dəfn edilib.