Şəhidin bacısından ürəkdağlayan sözlər: “Bizi necə qoruyurdusa, Vətəni də o cür qorudu”

0
25

Vətən uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də Rzayev Elxan Ariz oğludur.

Rzayevlər ailəsinin tək oğul övladı Elxan 2020-ci il 29 sentyabr tarixində Vətəni müdafiə etmək üçün döyüşlərə yollanır. Müharibənin bitməyinə cəmi bir həftə qalmış Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Elxan Rzayev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Xatırladaq ki, Elxan Rzayev 1994-cü il aprelin 15-də Sabirabad rayonunun Qəzli kəndində dünyaya gəlib. Orta təhsilini 2000-2011-ci illərdə B.Rəhimov adına Qəzli kənd tam orta məktəbində alan Elxan, orta məktəbi bitirərək Bakı Dövlət Kompüter Kollecinə daxil olur. 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılanda təhsilini yarımçıq qoyaraq Vətənə olan borcunu yerinə yetirməyə yollanır. Hərbi xidmət zamanı daim nizam-intizamı, səriştəsi ilə seçilən Elxan, 2014-cü ildə ordudan tərxis olunaraq təhsilini davam etdirir. 2017-ci ildən etibarən Qaraqaşlı kənd tam orta məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayır. Daim təhsilini artırmaq barədə düşünür. 2020-ci ildə Sumqayıt Dövlət Universitetinə qəbul olunur. İkinci Qarabağ savaşının başlanması ilə təhsilini yarımçıq qoyaraq könüllü şəkildə cəbhəyə yollanır.

“Yalnız onun yanında özümü rahat hiss edirdim”

Elxanın anası Gülnarə Rzayeva oğlunun uşaqlığı ilə bağlı xatirələri bizimlə bölüşdü: “Oğlum uşaqlığından yaşıdlarından çox seçilirdi. O qədər mehriban uşaq idi ki… Özü balaca olsa da, qəlbi böyük idi. Uşaq yaşlarından vətənpərvər olub. Məktəbdə əlaçı idi. Valideynlərinin sözündən heç vaxt çıxmazdı. Elxan iki bacının tək qardaşı idi”.

Bacısı Aynurə deyir ki, Elxanın qardaş kimi də haqqı ödənməz: “Bizi necə qoruyurdusa, Vətəni də o cür qorudu. Şəhidlik uca zirvədir. O zirvə ilə hər kəs fəxr edir. Amma biz Elxanla sağlığında da fəxr edirdik. Çünki həmişə bizim başımızı uca edirdi. Mən həmişə fəxrlə deyirdim ki, “Elxan müəllimin bacısıyam”. Uşaqlarla həyətdə oyun oynadıqda belə icazə verməzdi ki, kimsə bizə qarşı artıq kəlmə işlətsin. Böyük qardaş kimi onu hər zaman arxamda hiss etmişəm. Məktəbə gedəndə bacımla getmirdim. Gözləyirdim, Elxanla getmək istəyirdim. Çünki onun yanında özümü çox qürurlu hiss edirdim. Həmişə deyirdi ki, “mən oğlanam, mənimlə gəlmə, bacımın yanında get”. Mən isə həmişə israr edirdim ki, “səninlə gedəcəyəm”. Məktəbdə də daima onun yanına qaçırdım. Çünki yalnız onun yanında özümü rahat hiss edirdim. İndi yoxdur deyə özümü tək hiss edirəm”.

“Kompüterində şəhidlərimizin rəsmləri var idi”

Elxan bacılarını qorumaqla yanaşı, həm də onların qayğısına qalıb: “Elə ciddi xasiyyətə sahib idi ki, ondan valideynimiz qədər çəkinirdik. O, “olmaz” deyirdisə, bu artıq bizim üçün qanun idi. Həmişə bizə örnək olmağa, tərbiyə verməyə çalışırdı. Birlikdə oruc tutardıq, namaz qılardıq. Səhər imsaka özü dururdu, hər şeyi hazırlayırdı. Mənə, anama əziyyət vermək istəməzdi. Hər gün uşaqlarımı görmək üçün bizə gələrdi. Şəkillər çəkdirib kompüterində saxlayırdı. Elə bil şəkilləri özündən yadigar saxlayıb. Hətta kompüterində əvvəlki şəhidlərimizin də rəsmləri var idi”.

Yalnız ailəsinin deyil, kənd camaatının da sevimlisi idi Elxan. Aynurə xanımın sözlərinə görə, hər kəs ətrafına toplaşardı. Uşaq vaxtından həm böyüklərin, həm kiçiklərin hörmətini, sevgisini qazanmışdı: “Olduqca savadlı idi. Danışıq qabiliyyəti yüksək səviyyədə olduğu üçün həmişə bütün məclislərdə ona söz verərdilər. Elxan çox vətənpərvər idi. Vətəni bizdən də çox sevirdi. Onun haqqında fikrimizi sözlərlə ifadə etməkdə çətinlik çəkirik”.

“Uşaqlarla necə dil tapacağını çox yaxşı bilirdi”

Elxan həm də informatika müəllimi idi. Məktəbdə işlədiyi dövrdə də həm şagirdlərin, həm də müəllimlərin böyük rəğbətini qazanmışdı: “Şagirdləri, müəllim yoldaşları onun haqqında göz yaşı, ürək ağrısı ilə danışırlar. Uşaqlar müəllimlərinin yoxluğunu qəbul edə bilmirlər. Şagirdləri hər dəfə deyirlər ki, “Elxan müəllim bizə sadəcə informatika fənnini yox, həm də həyatı öyrədirdi”.

Elxanın həm dostu, həm də müəllim yoldaşı olan Xanəli Qubadovun sözlərinə görə, o, uşaqların sevimlisi idi: “Elxan müəllimlə biz eyni ildə imtahan vermişik və Qaraqaşlı kənd tam orta məktəbinə qəbul edilmişik. 2017-ci ildən bərabər fəaliyyət göstərmişik. Elxan sadəcə müəllim yoldaşı deyildi. Biz onunla həm dost, həm də qardaş idik. Elxan məktəbimizdə həm müəllimlər, həm şagirdlər tərəfindən sevilirdi. Hər kəslə olduqca mehriban idi. Şagirdlərinə də hər zaman vətənpərvərliyi aşılayırdı. Şagirdlər səbirsizliklə gözləyirdilər ki, həftədə bir dəfə Elxan müəllimin informatika dərsi olsun. Həvəslə sıraya düzülüb informatika otağına yollanırdılar. Uşaqlarla necə dil tapacağını çox yaxşı bilirdi. Onun şəhid olması hər birimizə olduqca pis təsir etmişdi”.

“Müharibəyə gedirəm”

X.Qubadov deyir ki, dostu müharibəyə yollanmamışdan öncə şagirdlərini ona əmanət edib: “Elxan müəllim hər zaman Qarabağ haqqında ürək ağrısı ilə danışırdı. Sentyabrın 29-da müharibəyə yollandı. Getməmişdən öncə birinci mənə zəng etdi. Səhər saatları idi, dərsdə idim. Dedi müharibəyə yollanıram. Birinci qulaqlarıma inanmadım, zənn etdim ki, zarafat edir. Sonra gördüm ciddidir. Dedi “komissarlıqdayam, səninlə vidalaşmaq üçün yığdım. Müəllimlərə, şagirdlərə məndən çoxlu salam de, məndən dualarınızı əsirgəməyin”. Təəssüflər olsun ki, torpaqlarımız qayıtsa da, Elxan qayıtmadı… Amma ruhən hər zaman qəlbimizdədir, bizimlədir”.

“Mən getməsəm, bəs kim gedəcək?!”

Bacısı Aynurə Elxanın müharibəyə yollanmasını belə xatırlayır: “Sentyabrın 27-i müharibə başladığı gün hamımız birlikdə eyvanda oturmuşduq. Elxan eşidəndə ki, müharibə başlayıb, sevindi. Atama dedi ki, “şükürlər olsun, torpaqlarımızı geri qaytaracağıq”. Elə həmin gün gedib könüllü komissarlığa müraciət etdi. Evdə olduğu dövrdə də müəllimlərlə, dost-tanışla birgə ön cəbhəyə ləvazimatlar göndərirdi. Müharibə başlayandan sonra cəmi iki gün evdə qaldı. Biz ona dəfələrlə dedik ki, “müəllimsən, burada şagirdlərinin sənə ehtiyacı var. Bəlkə getməyəsən”. “Torpaqlarımızı işğaldan azad etməyə gedirəm”, – dedi. Bizim üzülməyimizə icazə vermirdi. Cəbhəyə getməmişdən bir gün öncə axşam dost-tanışla sağollaşdı. Biz ona “getmə” deməyə çəkinirdik. Dostları deyəndə də sözlərini bitirmələrinə icazə verməyib. Deyib ki, “tək oğul olsam da, mən getməsəm, bəs kim gedəcək?! Düşmən yanında başı aşağı gəzirik. Mən əzab çəkirəm ki, torpaqlarımız işğal altındadır”. Hətta gedəndə ötürməyimizə belə icazə vermədi. Bizə ürək-dirək verirdi ki, “qorxmayın, bu, sadəcə hazırlıq mərhələsidir”. Çox ruh yüksəkliyi ilə müharibəyə yollandı”.

“Onun qəhrəmanlığını öz gözlərimlə gördüm”

Bölük komandirinin müavini, Baş gizir Ruslan Xəlilov Elxanı vətənpərvər, mərd, cəsur döyüşçü olaraq xatırlayır: “Elxan könüllü şəkildə müharibəyə qatılan əsgərlərdən biri idi. Biz sonradan bildik ki, müəllimdir. Əsgərlərdən seçilirdi. Sentyabrın 27-dən oktyabrın 8-ə qədər bərabər döyüşdük. Füzuli və Cəbrayıl uğrunda döyüşlərdə onun qəhrəmanlığını öz gözlərimlə gördüm. Mərd, qorxmaz, cəsur əsgər idi. Onda heç vaxt qorxu deyilən hiss görmədim. Hər zaman deyirdi ki, “daha da irəliyə gedək”. Sona qədər gedib torpaqlarımızın hamısını işğaldan azad etmək istəyirdi. Bu eşqlə yanıb tutuşurdu. Deyirdi “bu yolda şəhid də olsam, əsas odur torpaqlarımız düşmən tapdağı altında olmasın”.

Ağır yaralandığını ailəsindən gizli saxlayırdı

Elxan döyüşdə ağır yaralanıb, amma ailəsinə “yıxılmışam” deyib. Gülnarə Rzayevanın sözlərinə görə, onlar bu xəbəri kənd camaatından eşidiblər: “Hər gün onunla əlaqə saxlayırdıq. 15 gün sonra kənddə xəbər yayıldı ki, Elxan yaralanıb. Danışanlar deyir ki, onları pusquya salıblar, maşınları minaya düşüb. Həmin dövrdə də onunla əlaqəmiz var idi. Şok olduq ki, axı Elxanla təzəcə danışmışıq. O isə bizə deyir ki, “hər şey yaxşıdır, narahat olmayın”. Elxana zəng edəndə dedi ki, “sizə səhv məlumat veriblər. Mən yaralanmamışam, sağ-salamatam”. Dedik ki, atanla səni görmək istəyirik. O zaman dedi ki, “bir günlük Ağcabədiyə gələcəyəm”. Sən demə, sarğısını dəyişdirmək üçün gəlirmiş. Onda artıq yaraları yavaş-yavaş sağalırdı. Ağcabədidə də israrla dedi ki, “biz heç müharibəni görmürük, mən arxa tərəflərdəyəm”. Amma rabitəçi olaraq elə ən öndə gedən əsgərlərdən imiş. Lakin mən onun yarasını hiss etmişdim. Qoluna əl vuranda özünü çəkməyindən bildim. Soruşanda niyə özünü çəkirsən, dedi ki, “təlimdə yıxılmışam, sadəcə qolum sıyrılıb”. Şəhid olduqda bizə dedilər ki, yarasının tikişi sökülməyib”.

“Yarası sağalmamış yenidən döyüşlərə qayıtdı”

Elxanın yaralandığı döyüşdə Ruslan Xəlilov onunla birgə olub: “Oktyabrın 8-də Cəbrayıl-Hadrut istiqamətində kəşfiyyat xarakterli dayanmaq məcburiyyətində qaldıq. Bu zaman bizi pusquya saldılar. Elxan həmin döyüş zamanı yaralandı. Biz axşama qədər düşmənlə mübarizə apardıq. Vəziyyət səngidikdən sonra digər yaralıları və Elxanı hospitala yola saldıq. Ondan sonra onunla əlaqəm kəsildi. Lakin sonradan eşitdim ki, Elxan yenidən ordu sıralarına geri qayıdıb. Ağır yaralansa da, yarası sağalmamış yenidən döyüşlərə qatıldı. Noyabrın 2-də bir gün əvvəl Qubadlı istiqamətində Yaz düzü uğrunda gedən döyüşlərdə şəhid olduğu xəbərini aldıq”.

“Sanki əvvəlcədən bilirdi…”

Elxan döyüşə yenidən qatıldıqdan sonra ailəsi ilə daha az danışmağa başlayıb. Müharibənin bitməsinə sayılı günlər qaldıqda isə ailəsinə acı xəbəri verilib. Bacısı Aynurə deyir ki, onun şəhid olması xəbərini də Rzayevlər ailəsindən gizlədiblər: “Bir neçə gün xəstəxanada müalicə alıb, amma tam sağalmamış yenidən könüllü şəkildə Vətənə borcunu ödəmək üçün döyüş bölgəsinə geri qayıdıb. Anama, atama ürək-dirək verib, onları geriyə yola salıb. Ağcabədidə olanda bizi də yığmışdı. Mən kövrəldim, danışa bilmədim. Bizə təsəlli verdi, tapşırdı ki, möhkəm olun. Sanki əvvəlcədən bilirdi ki, döyüş bölgəsinə getsə, bir daha geri qayıtmayacaq. Həmin gün axşam məni yenidən yığmışdı. Amma evdə olmadığım üçün uşaqlarımla danışıb. Bəlkə də mənə sözü var idi, amma danışa bilmədik. O gündən sonra onunla cəmi bir ya iki dəfə danışa bilmişdik. Sonra isə şəhid xəbəri gəldi. Noyabrın 1-i – o, şəhid olanda bütün kənd bilirmiş, amma heç kim cəsarət edib bizə deməmişdi. Noyabrın 2-i bizə dedilər ki, “Elxan yaralanıb, onun yanına gedirik”. Elxanı kəndimizə gətirməyənə qədər şəhid olduğuna inana bilmirdik. Yalnız gətiriləndə şəhid olduğunu bildik”.

Elxan cismən dünyadan köçsə də, sevdiklərinin qəlbində daim yaşayır. Artıq dörd ildir hər il noyabrda Elxan Rzayevin şərəfinə anım tədbirləri keçirilir.

Elxan və onun timsalında bütün şəhidlərimiz hər zaman qəlbimizdə var olacaq və daim yad ediləcək. Allah hər birinə rəhmət eləsin!