Şəhid ailələrinin mənzil təminatı 5 dəfə genişlənib

0
227

Azərbaycanda Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı 5 dəfə genişlənib.

Bunu Sosial Xidmətlər Agentliyinin 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında qurumun İdarə Heyətinin sədri Vüqar Behbudov deyib.

O qeyd edib ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 2023-cü ildə 1500, postmüharibə dövründə 6000, ümumilikdə ötən dövrdə 14 800 mənzil və fərdi ev verilib.

“2023-cü ildə 150, ümumən ötən dövrdə 7600-dən artıq avtomobilin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verildiyi qeyd edilib. Şəhid ailələrinin üzvləri və digər imtiyazlı şəxslərdən ibarət 2510 nəfər yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib”, – Agentlik sədri vurğulayıb.

Onun sözlərinə görə, ötən il 31 min 393 nəfərə səyyar, stasionar və yarımstasionar xidmət göstərilib: “1827 şəhid ailəsinin, 500-dən artıq müharibə əlilinin evinə ziyarətlər edilib. 3131 nəfəri ahıl olmaqla, 3474 nəfərə evdə xidmət göstərilib. 2023-cü ildə 630 uşağa sosial xidmət göstərilib. Həmin uşaqlar Azərbaycanın 21 şəhər və rayonunda yaradılan günərzi qayğı mərkəzlərində sosial xidmətdən yararlanıblar”.