“Rusiya sülhməramlılarının davranışı media informasiya və azad fikir prinsiplərinə ziddir. Jurnalist, istənilən halda müharibə dövründə, münaqişələr zamanı informasiya almaq, araşdırmaq və məlumat toplamaq hüququna sahibdir”.
Bu sözləri Publika.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli Rusiya sülhməramlılarının azərbaycanlı jurnalistin peşə fəaliyyətinə mane olmasına münasibət bildirərkən deyib:
“Məsələnin digər bir tərəfi isə odur ki, məlumat toplaması üçün məhdudlaşdırılan ərazi jurnalistin öz ərazisidir. Necə ki, azərbaycanlı məmurlar Qarabağın bölgələrinə sərbəst şəkildə girə və müəyyən istiqamətlərdə fəaliyyət göstərə bilirlər, jurnalist niyə bu haqdan məhrum olmalıdır? Onun həmin ərazilərdə müşahidə aparmaq və xəbər hazırlamaq hüququ var. Biz jurnalist təşkilatları olaraq bu hüququn pozulması faktını ciddi şəkildə pisləyirik. Azərbaycan və Rusiya hökümətinə müraciət edirik ki, bu hadisə ilə bağlı müvafiq tədbirlər və ölçülər götürülsün ki, sülhməramlıların yol verdikləri bu qanun pozuntusu bir daha təkrarlanmasın”,- ekspert qeyd edib.
M.Ələsgərlinin sözlərinə görə, bu davranış Rusiyanın xarakteristikasına tam uyğundur: “Rusiyanın bir dövlət olaraq jurnalistakaya və mediaya yanaşma tərzində köklü problemlər var. Bu, heç vaxt normal olmayıb. Biz bunu bariz şəkildə Ukrayna-Rusiya müharibəsi zamanı da, Rusiyanın mövcud olduğu başqa münaqişələrdə də görürük. Onların Ukraynada müharibəyə başladıqları vaxt ilk atdıqları addım, məhz medianı bu prossesdən uzaq tutmaq və fəaliyyətlərini məhdudlaşdırmaq oldu. Sözsüz ki , bu, bütün beynəlxalq prinsiplərə ziddir və qınanılır. Sülhməramlı kontinqentin Qarabağ ərazisində jurnalistə qarşı davranlışı tam olaraq Rusiya xarakteristikasına uyğundur. Amma onlar artıq anlamalıdır ki, bura Rusiya deyil, onların ərazisi deyil. Onlar öz yanaşmalarını, istədiklərini hər yerdə nümayiş və tətbiq edə bilməzlər, o cümlədən də Azərbaycanda”.