Rusiyada 14 şəhərə sunami təhlükəsi barədə xəbərdarlıq edildi

0
61

“Rusiyanın Uzaq Şərq regionunda 14 şəhər və onlarla yaşayış məntəqəsi sunaminin təsirinə məruz qala bilər”.

Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edib.

Məlumata görə, söhbət Kamçatka, Kuril adaları, Saxalin və Primorye sahillərinin bir sıra ərazilərindən gedir.

Bildirilir ki, bu bölgələrdə sunami təsirinin intensivliyi altıballıq şkalaya (fəlakət səviyyəli) çata bilər.

“Onlar (sunami dalğaları) böyük sürətlə (saatda 50-dən 1000 kilometrə qədər) yayılır. Sunaminin təhlükəsi həm də ondadır ki, birinci dalğadan sonra bir qayda olaraq bir sıra daha güclü təkrar dalğalar gəlir”, – deyə FHN-in məlumatında vurğulanıb.

Qeyd olunub ki, sunami xüsusilə alçaq sahillərdə yerləşən qəsəbə və şəhərlər, həmçinin okeana geniş açıq olan körfəz və buxtaların zirvəsində yerləşən yaşayış məntəqələri üçün təhlükəli ola bilər.

Yeri gəlmişkən qeyd edək ki, sunaminin sahilə təsirinin intensivliyi adətən altıballıq şkala ilə qiymətləndirilir. “Çox güclü” kateqoriyasına beşballıq sunami aiddir – bu zaman sahilyanı ərazilər su altında qalır, dalğaqıranlar və bəndlər ciddi zədələnir, iri gəmilər isə sahilə atılır. Altıballıq sunami artıq fəlakətli hesab olunur. Bu halda sahil tamamilə məhv olur, su isə qurunun dərinliklərinə böyük məsafələrə nüfuz edir.