Ermənistan 44 günlük müharibədən sonra ilk dəfə bu qədər odla oynamağa başlayıb. Belə görünür ki, Ermənistan hakimiyyətinin ritorikasından əl çəkməməsi, revanş qoxusunun ta İrəvandan duyulduğu hər bəyanatın arxasında onlara müəyyən “mükafatlar” vəd edən qüvvələr mövcuddur.
Dünən Qondarma DQR Parlamentinin “Milli Təhlükəsizlik Orqanları haqqında” qanuna dəyişikliklər qəbul edərək öz strukturunda döyüş hissələrinin yaradılması faktı təsdiq edir ki, bu, tək Ermənistanın başının altından çıxan məsələ deyil.
Bununla da qondarma rejim 10 noyabr üçtərəfli bəyanatındakı 4-cü bəndə zidd olaraq hələ də Qarabağdan çıxarılmayan erməni terror dəstələrinin fəaliyyətini həmin ərazilərdə mövcudluğunu Azərbaycan Ordusu onları gorbagor edəcəyi tarixə kimi leqallaşdırdığını zənn edir.
Xocalıda baş verən son təxribatlar və Rusiya ilə Azərbaycan arasında sözügedən məsələdən irəli gələrək yaranan gərginlik fonunda bir gündə həmin istiqamətdə ikinci xoşagəlməz hadisə qeydə alındı. Belə ki, Xocalı rayonunun Pirlər kəndinin yaxınlığında qanunsuz erməni silahlı dəstəsinin üzvlərinə hərbi geyim və silah paylanıldığını əks etdirən görüntülər Ordumuzun mövqelərindən açıq şəkildə müşahidə edilib. Burada ən təəssüf doğuran məqam isə onlardan cəmi 200 metr aralıda Rusiya “sülhməramlıları”nın bu prosesi heçnə olmamış kimi səssiz-səmirsiz izləməsi olub.
Qondarma DQR-in təhlükəsizlik xidmətinin nəzdində müdafiə qrupları yaradılmaqla ardınca Pirlər kəndi yaxınlığında bu mənzərənin şahidi olmağımız heç də sıradan adi bir hadisə deyil. Əgər Ermənistan dediyi kimi Azərbaycanın təklif etdiyi 5 maddəlik sülh paketinə “hə” deyirsə, əgər Ermənistan həqiqətən də bölgədə, regionda sülh, əminamanlıq istəyirsə, bəs o zaman bu terror hazırlığına, suverenliyimizə təhdid olan ərazimizdəki bu hadisəyə nə ad verək?!
Bu fakt özü bir daha təsdiq edir ki, Ermənistan bu regionda sabitliyə təhdid məqsədilə yaradılıb ki, onun vasitəsilə bir çox güclü dövlətlər Cənubi Qafqazda öz maraqları naminə erməni amilindən daim istifadə edə bilsinlər. Başqa dövlətlərin əlində tarix boyu maşa olan Ermənistan üçün bu məsələ bu gün də yad deyil. Təəssüflər olsun ki, rəsmi İrəvan indi də öz xalqının gələcəyini, ölkəsinin güzəranını düşünmək, bunun üçün mübarizə aparmaq əvəzinə yad qüvvələrin təsiri, sifarişi əsasında Azərbaycana qarşı revanşizm iddiasından əl çəkməyəcəyini nümayiş etdirməkdə davam edir.
Belə aydın olur ki, başqa dövlətlərin, beyin mərkəzlərinin Ermənistan vasitəsilə bölgədə yenə də öz geosiyasi maraqlarını, ambisiyalarını həyata keçirmək istəkləri səngiyəcək kimi görünmür. Amma Ermənistan rəhbərliyi anlamalıdır ki, artıq çox təhülkəli sularda üzür. Çünki bu gün qarşısındakı Azərbaycan 1990-cı illərin əvvəllərindəki Azərbaycan yox, artıq regionda söz sahibinə çevrilən, mövqeyini nəhəng dövlətlərin hesaba qatdığı, onunla istər regional, istəqar qlobal məsələlərdə artıq hesablaşmağı zəruriləşdirən bir Azərbaycan var.
Bir neçə gün bundan əvvəl Fərrux kəndi və yüksəkliyi ətrafında cərəyan edən məsələdə ABŞ Dövlət Departamenti, Fransa XİN-i, Rusiya Müdafiə Naziriyi yenə də qərəzli mövqe sərgiləməkləri ilə diqqət çəkdilər. Bu məsələ artıq sözə ehtiyac olmadığını özlüyündə təsdiqləyir. Şübhəsiz ki, Xocalının Pirlər kəndinə ermənilərin gətirilməsi və silahlandırılması görüntüləri anti-terror əməliyyatının keçirilməsinə əsas yaradacaq ən real kadrlardır. Antiterror əməliyyatına başlamaq üçün bundan tutralı səbəb ancaq artıq baş verəcək terror aktları ola bilər. Lakin bunun zamanında qarşısını almaq məqsədilə şübhəsiz ki, Azərbaycan ordusu lazımı tədbirlər atmaq iqtidarındadır.
Mövqeləri dağıdılandan sonra timsalında dünyaya “terrora qarşı” imicini illərdir yaratmaq istiqamətində Yaxın və Orta Şərqdə müxtəlif hərbi əməliyyatlarda imzaları olan ABŞ da, Fransa da, Rusiya da yenə Bakının qarşısında səd olmağa çalışacaq, bəyanatlar verəcək, terror dövlətinin beləcə müdafiəsinə qalmağa cəhd edəcək. Lakin bu, nəyisə dəyişəcək kimi görünmür. Çünki Xocalının Fərrux kəndi istiqamətindəki son hadisələr də göstərdi ki, hətta prosesə müdaxilə imkanı olan ruslara da indiki halda rəsmi Bakı nəsə etmək fürsəti buraxmadı. Bu vəziyyət hələ uzun müddət belə – dəyişməz olaraq qalacaq kimi görünür.
Azərbaycanın dünyada qlobal problemlərin həlli istiqamətində verdiyi töhvə nəhəng beyin mərkəzlərinin də diqqətindən qaçmır. Elə bu səbəbdən də artıq müəyyən məsələlərdə regionun lider dövlətinə çevrilən Azərbaycanla hesablaşmaq məcburiyyətini özlərində hiss edirlər. Belə aydın olur ki, həyata keçirdiyi iri enerji layihələri, 44 günlük müharibədən sonra genişlənən logistik imkanları rəsmi Bakının əlini hər ötən gün biraz da gücləndirir.
Dünən Britaniya silahlı qüvvələr naziri, Böyük Britaniya parlamentinin üzvü Ceyms Hippin Bakıya səfəri çərçivəsində Azərbaycan prezidenti, müdafiə naziri və xarici işlər naziri ilə görüşü, eləcə də Şəhidlər Xiyabanını ziyarət etməsi deyilənlərin əyani sübutudur. Şübhəsiz ki, Rusiya tərəfindən (Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin – red.) dolayı şəkildə Azərbaycanın neft yataqlarının vurulması təhdidindən sonra Bakı neftində əsas pay sahibi olan beynəlxalq oyunçunun Azərbaycana səfər etməsi diqqəti çəkməyə bilməzdi. Bu səfər həmin bəyanatdan sonra bir təsadüf idi, yoxsa zərurət, bu başqa söhbətin mövzusu. Amma belə görünür ki, bir müddətdir üstüörtülü şəkildə Qafqaza proyeksiya edilən Britaniya-Rusiya çəkişməsi artıq daha açıq müstəviyə keçir. Səfər zamanı edilən ziyarət, müzakirə edilən mövzular deməyə əsas verir ki, artıq Britaniya üçün Cənubi Qafqaz strategiyası təkcə qaynaq, resurs məsələsi deyil.
Belə olan halda isə ilk ağıla gələn məsələ Britaniyanın “Türk amili” sayəsində gələcəyin ən vacib geosiyasi bağlantısı olacağı ehtimallarının yüksək qiymətləmndirildiyi Çin və Avropa arasındakı strateji yol üzərində möhkəmlənməyə çalışmaq planıdır. Qərbin ciddi səylə Cənubi Qafqazdakı proseslərdən kənarlaşdırmağa çalışdığı Rusiya isə Ermənistan kimi cılız, zəif bir dövlətə görə Bakı ilə münasibətləri gərginləşdirməkdə davam etməyi gözə alarsa, o zaman bütün çıxarlarına yenidən göz gəzdirmək məcburiyyətini hiss etməlidir. Çünki Azərbaycan nə Qarabağdakı mövqeyindən geri addım atmayacaq, nə də atdığı imzanın adi kağız parçası olaraq qalmasına razı olmayacaq. Rəsmi Bakı istər 44 günlük Vətən müharibəsi olsun, istərsə də Xocalıdakı son proseslərlə göstərdi ki, istənilən an Ordusunun gücü əsas təzyiq vasitəsinə çevrilə bilər və bunu yaxşı bacarır.//milli.az