Qarabağ məsələsi bağlıdır. Bu məsələ sentyabrda həll olunub.
Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsində deyib.
“Qarabağ məsələsi bağlanıb. Bütün bu illər ərzində Rusiya Qarabağ problemini sülh yolu ilə həll etmək üçün səylər göstərib. Təəssüf ki, alınmadı: bu mövzu sentyabrda güc əməliyyatı ilə bağlandı. Rusiya hər zaman bu məsələdə çox mühüm rol oynayır. Rusiya tərəflər arasında sülh müqaviləsi üzrə danışıqlarda maksimum dəstək verməyə hazırdır”, – diplomat vurğulayıb.
Bakı ilə İrəvan arasında sülh müqaviləsi layihələrinin mübadiləsinin həyata keçirildiyini xatırladan səfir Azərbaycanın təklifinin “tamamilə əsaslandırılmış”olduğunu vurğulayıb:
“İndi Ermənistan və Azərbaycan bilavasitə sülh müqavilələri layihələrini mübadilə edirlər. Azərbaycan tərəfinin təklif etdiyi şey, məncə, tamamilə əsaslandırılmış, bir qayda olaraq, tərəflər arasında sülh müqavilələrində mövcud olan standart müddəa və maddələrdir. Prinsipcə Bakının irəli sürdüyü təkliflərə əsasən, mənə elə gəlir ki, bu danışıqlar yetərincə tez başa çatdırıla bilər”.
Yevdokimov həmçinin Rusiyanın “Moskva platformasını” təqdim etməyə və s. məsələlərdə tərəflərə yardımçı olmağa hazır olduğunu söyləyib:
“Biz Moskva platformasını təqdim etməyə hazırıq, lazım gələrsə, ekspertizamızı, mətnlə bağlı məsləhətlərimizi verməyə hazırıq. Azərbaycanlı həmkarlarımızla çox yaxşı qarşılıqlı əlaqələrimiz var”.