Rusiya Aİ-nin Ermənistandakı monitorinq missiyasını tənqid etdi

0
174

Moskva Qərbin Rusiyanın Bakı və İrəvanla əməkdaşlıq formatlarına inadkar müdaxilə etmək istəyini qeyd edir.

Bu barədə TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib.

“Brüssel və Vaşinqton nə qədər bunun əksini göstərməyə çalışsa da bunun arxasında regionda sülh və sabitliyin bərqərar olmasına töhfə vermək yox, Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyi dayanır. “Vaşinqton və Brüssel hətta Rusiya haqqında müsbət danışmaqdan belə çəkinirlər və üçtərəfli sazişlərin Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi üçün mərkəzi əhəmiyyətini etiraf etmirlər”, – rusiyalı diplomat deyib.

Onun sözlərinə görə, Rusiya Avropa İttifaqının Ermənistandakı müvəqqəti monitorinq missiyasının fəaliyyətini bu qiymətləndirmələr, eləcə də konsensus qaydasından yan keçərək regiona Aİ missiyası göndərmək cəhdləri fonunda qəbul edir. Qonçar xatırladıb ki, Rusiya sülhməramlılarının komandanlığının səyləri nəticəsində sentyabr ayında Ermənistan-Azərbaycan sərhədində gərginliyin artmasının qarşısını almaq mümkün olub.

O qeyd edib ki, Ermənistan tərəfinin marağı olacağı təqdirdə KTMT-nin müşahidə missiyasının bölgəyə göndərilməsi ilə bağlı lazımi qərarlar operativ şəkildə qəbul ediləcək.

“KTMT-yə üzv ölkələrin əksəriyyəti Bakı ilə İrəvan arasında sərhəd problemlərinin uzunmüddətli həllini Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlərin həyata keçirilməsi, o cümlədən sərhədin demarkasiyası komissiyasının praktiki və ritmik işinə başlaması yolu ilə görür”, – deyə Qonçar bildirib.