Reyhan Camalova ABŞ-ın bir neçə nüfuzlu universitetinə qəbul oldu

0
369

Yağış suyundan enerji istehsal edən “Rainergy” qurğusunu ixtira edən azərbaycanlı gənc Reyhan Camalova ali təhsil üçün qeydiyyatdan keçdiyi universitetlərdən gələn müraciətləri açıqlayıb.

R.Camalovaya qeydiyyatdan keçdiyi ABŞ-ın yeddi universitetindən müsbət cavab göndərilib:

“1.Stanford universiteti;

2. Pensilvaniya Universiteti – Penn Dünya Təqaüdçüsü (Penn World Scholar) kimi qəbul almışam;

3. Duke Universiteti (Tam – illik 85,903 dollar təqaüdlə) – Martın ortasında erkən qəbul (likely letter) aldım;

4. Brown Universiteti (Tam – illik 85,574 dollar təqaüdlə);

5. Amherst Kolleci (Tam – illik 84,168 dollar təqaüdlə) – Martın 5-də erkən qəbul (early write) alan 200 şagirddən biri oldum;

6. Toronto Universiteti Viktoria Kolleci, Fiziki və Riyazi Elmlər (Physical and Mathematical Sciences);

7. Toronto Universiteti Skarboro filialı, Co-op Menecment (Co-op Management BBA)”.

19 yaşlı Reyhan Camalova açıqlamasında sadalanan universitetlər arasında hələ seçim etmədiyini deyir:

“Universitetlərdən gələn müsbət cavablar məni çox sevindirdi. Sevincimi hər kəslə bölüşdüm. Hələ ki, seçim etməmişəm. Seçim etmək üçün may ayının 1-nə qədər zamanım var. Seçdiyim universitet hansı olursa-olsun, təhsil ocağında qazanacağım biliklər, təcrübələr və əlaqələr ilə özümü cəmiyyətə faydalı, vətənimə və dünyaya xeyirli qlobal bir lider kimi yetişdirəcəyəm!”

Qeyd edək ki, 2002-ci ildə Qubada anadan olan Reyhan yağış suyundan enerji istehsal edən “Rainergy” qurğusunu yaradıb. Reyhan Camalova Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində öz ixtirası ilə diqqəti çəkib.