Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, bu istiqamətdə Quba Rayon Polis Şöbəsinin əməkdaşları mütəmadi olaraq rayon sakinləri ilə maarifləndirici və izahedici söhbətlər apararaq, onların sağlamlıqlarının təmin olunması istiqamətində bütün zəruri tədbirləri həyata keçirirlər.
Həmçinin, polis əməkdaşları rayon ərazisində təqaüd və sosial müavinətlərin verilməsi ilə bağlı bankomatların önündə yarana biləcək sıxlığı nəzərə alaraq, qeyd olunmuş ərazilərə xüsusi nəzarət edir, sosial məsafənin qorunması üçün lazımi tədbirlər yerinə yetirirlər. Eləcə də marşrut xətləri ilə hərəkət edən bütün avtobuslara nəzarət gücləndirilib və oturacaq sayından artıq sərnişin daşıyan sürücülər aşkarlanaraq, barələrində tədbirlər görülür.
Bundan əlavə, polis əməkdaşları rayon ərazisində maskasız hərəkət edən sakinlərə tibbi maskalar paylayırlar.