Əvvəllər insanın vaxtından tez qocalması və ya daima gənc qalmasının səbəbini genetikada, həyat tərzində görürdülər. İndi isə alimlər ətraf mühit və sosial vəziyyətin daha çox rol oynadığını bildirir.
Kopenhagen Universitetinin alimləri apardıqları araşdırmaların nəticəsində bəyan edib ki, 3 il və daha çox müddətə yoxsulluq və işsizlik yaşayan gənc insanın orqanizmində artıq qocalıq simptomları görünməyə başlayır.
Təcrübədə 5500 orta statistik yaşda insanın fiziki, qan və iltihabi proses analizləri araşdırılıb. Daha sonra onların son 20 ildə illik gəlirləri müqayisə edilib.
İllik gəliri orta gəlirdən 50% az olan insanlar yoxsulluq qrupuna aid olunub.
Gəlirləri az olan insanların qocalma göstəriciləri daha yüksək idi.
Bu o deməkdir ki, gəliri az olan və işsiz gənc və orta yaş təbəqə daha erkən yaşlarda və daha çox tibbi müayinə-müalicələrdən keçməlidir. Bİr çox gənclər orqanizmin siqnallarını xəstəlik, yorğunluqla səhv salır, anlamırlar ki, yaşları gənc olsa da, artıq onlarda qocalma başlayıb.
Alimlər sübut edib ki, son 4 ildə yoxsulluq həddində olan insanla maddi problemi olmayan insanın fiziki gücü arasında da ciddi fərq var. Yoxsul həddə olanlar stulda 30 saniyə ərzində digərlərinə nisbədən daha az sayda oturub qalxa biliblər. Onların əzələ gücü də imkanı yaxşı olanlardan daha az idi.
Eləcə də kasıb və işsiz insanlarda orqanizmdə orqan və toxumalarda iltihabi proseslər yüksək hədd olub. İltihab insan həyəcan və stres vəziyyətində olanda artır və iltihabın çoxluğu qocalığın markeridir.
Ciddi maddi problem yaşayan insanlar orta və normal yaşayanlardan 3 dəfə daha çox və tez qocalır. Ona görə dövlətlər işsiz və yoxsul təbəqənin sosial təminat xərclərini azaltmaq yox, artırmaq, eləcə də bu təbəqənin tibbi dəstəyini çoxaltmaq barədə düşünməlidir.