Qızılca ilə əlaqədar distant təhsilə keçilə biləcəyi son zamanlar gündəmdədir. Biz bu təcrübə ilə pandemiya dövründə tanış olduq və ölkə təhsilinə necə təsir göstərdiyini gördük. İkinci belə bir vəziyyət şagirdlərin, tələbələrin təhsilinə, onların psixoloji vəziyyətinə necə təsir göstərə bilər? Təhsilimiz növbəti distant rejimə keçməyə hazırdırmı? Bu, özü ilə hansı problemləri gətirə bilər? Qızılca və pandemiya kimi ciddi problemlər və onların özü ilə gətirdiyi maddi-mənəvi təsirlər çoxumuza məlumdur. Bu problemlər qarşısında tələbə və şagirdlərə hər hansı güzəştlərin olunmasını zəruri hesab edirsinizmi? Qəbul ballarının azaldılması, ödənişlərin miqdarının aşağı salınması və sair istiqamətlərdə yeniliklər reallaşa bilərmi?
Mövzu ilə əlaqədar şərh edən elm və təhsil üzrə ekspert Qoşqar Məhərrəmov distant təhsilə məxsus təlim-tədris alətlərinin unudulduğunu, buna dönüşün bir qədər çətin olacağını, amma zərurət yarandığı halda müəllimlərin, şagird və tələbələrin buna hazır olmalı olduqlarını deyib.
“Əlbəttə, belə bir vəziyyət həm müəllimlər, həm şagirdlər, həm də tələbələr tərəfindən arzulanan hal deyil. Çünki müəllimlərimiz başda olmaqla, bir çoxları distant təlim-tədris alətlərini istifadə etməkdə çətinliklər çəkirlər. Bəzən internet qırılır, bəzən işıq sönür və başqa problemlər yaranır ki, bu da təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Qiymətlər şəffaf olmur, şagird-tələbələr köçürmələr edir, ona görə də heç kəs bu təhsilin “qayıtmasını” istəmir. Elm və Təhsil Nazirliyinin özü də daxil olmaqla, hər kəs çox yaxşı bilir ki, əyani təhsil daha keyfiyyətli və daha arzuolunandır. Amma məcburiyyət qarşısında belə bir hal baş verərsə, əlbəttə, bütün təhsil sahəsi buna hazır olmalıdır.
Qeyd edim ki, pandemiya dövründəki distant təhsil zamanı öyrənilən səriştələrin bir çoxu artıq unudulmuş vəziyyətdədir. Çünki bir neçə il həmin alətlərdən istifadə olunmadığı üçün bir çoxları unudub. İndi yenidən distant təhsilə qayıtmaq müəyyən çətinliklər yaradacaq, amma elə bir zərurət yaranarsa, əlbəttə ki, müəllimlər buna tam hazır olmalıdırlar. Hazırkı vəziyyətdə isə sistem və infrastruktur olaraq universitetlərimiz buna hazırdır. Amma kadrlar nöqteyi-nəzərdən mən hazır olmadığımız düşüncəsindəyəm. Qiymətləndirmə, dərsin keyfiyyətinə nəzarət, uşaqların kameraları açmadığı üçün onların dərsdə olub-olmaması kimi ciddi problemlər sual altında qalır. Bununla yanaşı, psixoloji təsir kimi, dərsin qalıcılığının zəifləməsi də dərsin və ümumiyyətlə, təhsilin keyfiyyətini aşağı salır. Hər hansı bir güzəşt olmamalıdır. Çünki tələbə və şagirdlər anlamalıdırlar ki, onlar artıq daxili motivasiya və özü öz cəhdi ilə öyrənməyi bacarmalıdır. Qiymətləndirmədə bir güzəşt olarsa, əlbəttə ki, bu, ümumi təhsilin keyfiyyətinə öz təsirini göstərəcək. Məlumdur ki, “PISA” beynəlxalq qiymətləndirmə proqramında görünən “eniş”in səbəbi elə pandemiyadır. Araşdırmalar göstərir ki, pandemiya səbəbindən şagird və tələbələrin bir neçə illik boşluğu “PISA” nəticələrində özünü ciddi göstərib. Ona görə də düşünürəm ki, hər hansı bir güzəşt olunmamalıdır” -deyə, Qoşqar Məhərrəmov qeyd edib.
Məlumat üçün qeyd edək ki, Elm və Təhsil naziri Emin Əmrullayev yaxın günlərdə qızılca xəstəliyi ilə əlaqədar məktəblərin, digər təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı mətbuata açıqlama verərək, qeyd edib ki, hazırkı vəziyyət böyük pandemiya təhlükəsinin olmadığını göstərir: “Qızılca ilə əlaqəli aidiyyəti qurumlarla mütəmadi işləyirik. İstəyimiz odur ki, xəstəlik tədris prosesinə ciddi təsir göstərməsin. Təbii ki, əsas məsələ şagirdlərin təhlükəsizliyidir”-deyə, nazir qeyd edib.