Qarabağdakı CİDDİ SƏHVi Rusiyaya baha başa gəldi – Putin növbəti dəfə…

0
480

Qərb bu dəfə də Rusiyanı qabaqladı. Təxminən 20 gün öncə Kreml rəhbərinin erməni baş naziri Moskvaya dəvət etdiyi məlum olsa da, o, Parisə gedərək Emanuel Makronla görüşə üstünlük verdi. Putin də bunun əvəzini çıxmaq və bölgədəki son prosesləri onunla birgə nəzərdən keçirmək məqsədilə Paşinyanı aprelin 9-da Moskvada gözləyəcəyini bildirdi və görüşlə bağlı artıq hər iki tərəfdən rəsmi məlumat da mediaya ötürülüb. 

Lakin başı Ukraynadakı müharibənin taleyinə qarışan Moskva növbəti dəfə gecikdi. Bu dəfə eyni oyunu Kremlin başına Qərb gətirdi. Belə ki, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel 6 apreldə Azərbaycanın dövlət başçısı İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla Brüsseldə görüşəcəyini elan etməsi bundan 3 gün sonra İrəvanla Moskva arasındakı danışıqların əhəmiyyətini heçə endirilməsi üçün bir həmlə kimi də şərh edilə bilər. 

Aİ-nin Ermənistan və Azərbaycan liderlərinin növbəti görüşünü belə bir məqamda təşkil etmək istəyi heç şübhəsiz ki, bu gün özləri üçün ən böyük təhdid hesab etdikləri Rusiyanın Cənubi Qafqazdakı mövqeyini sarsıtmaq, zəiflətmək məqsədi daşıyır. Avropa İttifaqı burada özləri üçün çox önəmli bir detaldan yararlanmaq niyyətindədirlər. Burada Aİ-yə beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın suveren ərazisi kimi qəbul edilən Qarabağın dağlıq hissəsinin digər əraziləri kimi Xocalı və xüsusilə onun Fərrux kəndi, eləcə də yüksəkliyi ətrafındakı son hadisələr fonunda Rusiya ilə Azərbaycan arasında yaranan gərginlik məsələsi müəyyən “yardım” etdi.

Bununla Avropa İttifaqı Qarabağda Azərbaycana qarşı rəsmi Moskvanın buraxdığı səhvindən yararlanmaq niyyətindədir. Nəticədə Aİ Nikol Paşinyanın hakimiyyətə gəlişindən bəri bir ayağı Qərbdə olan Ermənistanı başa salmağa çalışacaq ki, Bakı ilə razılaşmaqdan başqa yolun yoxdur. Avropaya inteqrasiya sevdası ilə alışıb yanan Paşinyan üçün Qərbdən belə bir təlimat almaq Paşinyana təbii ki, ağır gəlməyəcək. Aİ Rusiyanın müdaxiləsi olmadan bunu bacarmaqla tərəfləri, xüsusilə də Azərbaycanı inandırmağa çalışmaq istəyir ki, Qarabağın işğalda olduğu 30 il ərzində münaqişənin həll edilməməsinin başlıca səbəbi məhz Moskva olub.

Eyni zamanda Aİ Azərbaycana göstərməyə çalışacaq ki, üçtərəfli bəyanatlarda vasitəçi tərəf Rusiya olsa da, ən son 22 fevralda müttəfiqlik müqaviləsini də məhz Rusiya ilə imzalasan da bax gör ki, Qarabağdakı gərginliyi elə rəsmi Moskva istəyir, sülh müqaviləsinə də əsas mane olan elə Kremldir, ondan fərqli olaraq biz məsələnin tez bir zamanda danışıqlar masası arxasında həllinin tərəfdarıyıq və buna nail ola bilərik. Beləcə Avropa İttifaqı Bakını inandırmağa çalışacaq ki, Minsk Qrupunun bu istiqamətdə fəaliyyəti səmərə verə bilər. Bəs Bakı inanacaqmı?

Putinlə görüş öncəsi son mesajları alacaq olan Paşinyan üçün Moskva səfəri beləcə formal xarakter daşıyacaq. Rusiya üçün ən üzücü məqam isə regionda ən etibarlı müttəfiqi, tərəfdaşı, qonşusu olan Azərbaycanla münasibətlərini soyutmaq istəyən Qərbin belə bir imkanı yaxalaması olacaq. Təbii ki, rəsmi Bakı üçün kimin nə dediyindən daha çox onun nə istədiyi maraqlıdır. Bu səbəbdən də Bakı dünyanın siyasi və coğrafi xəritəsinin yenidən “işləndiyi” bir məqamda yürütdüyü balanslı siyasəti yürütməkdə davam etmək, məqsədinə çatmaq üçün çizdiyi siyasi xətti uğurlu şəkildə sona çatdırmağın alternativi yoxdur. 

Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau Bakıya səfəri çərçivəsində Prezident İlham Əliyevin qəbulunda olarkən dövlət başçımız da aprelin 6-da baş tutacaq Brüssel görüşü barədə fikirlər səsləndirib: “Artıq Avropa İttifaqı tərəfindən elan edilib ki, Prezident Şarl Mişelin təşkilatçılığı ilə Ermənistanın baş nazirinin mənimlə yeni görüşü olacaq. Ümid edirəm ki, bu görüş məhsuldar olacaq. Çünki artıq bir neçə görüş olub və biz Azərbaycanla Ermənistan arasında sülhə doğru irəliləməliyik, mümkün olduğu qədər qısa müddətdə sülh sazişini imzalamalıyıq. Azərbaycan bizim baxışımıza uyğun olaraq bu razılaşmanın əsas prinsiplərini təqdim edib”. 

Göründüyü kimi İlham Əliyev də “Ümid edirəm ki, bu görüş məhsuldar olacaq. Çünki artıq bir neçə görüş olub və biz Azərbaycanla Ermənistan arasında sülhə doğru irəliləməliyik, mümkün olduğu qədər qısa müddətdə sülh sazişini imzalamalıyıq” açıqlaması ilə Aİ-yə Moskvanın edə bilməyəcəyini ümid edirəm Qərb bacaracaq, Ermənistanı Azərbaycanın 5 maddəlik sülh paketini qəbul etdirmək üçün bu fürsətdən yararlanacaq. Azərbaycanın dövlət başçısı bu açıqlama ilə eyni zamanda Moskvaya Ermənistanla Azərbaycan arasında 10 noyabr üçtərəfli bəyanatın müddəlarını icar etməsi istiqamətindəki fəaliyyətindən razı deyil, Moskva istəsə idi İrəvana təyiqi artırıb prosesi daha da sürətləndirə bilərdi.

Prezident bu çıxışı ilə həm də Kremlin diqqətinə çatdırdı ki, üçtərəfli müqavilədən bu zamana kimi Moskvanın vasitəçiliyi ilə keçirilən Ermənistanla Azərbaycan dövlət başçılarının, hökümət nümayəndələrinin görüşləri təəssüf ki, məhsuldar olmadı. O, bu açıqlaması ilə eyni zamanda Xocalının Fərrux kəndi ətrafında Rusiya müdafiə nazirliyinin son oyunlarından narahat olduğunu, bunun iki ölkənin təxminən bir ay öncə (22 fevral) Moskvada imzalanan müttəfiqlik bəyannaməsinə zidd bir davranış kimi dəyərləndirdiyinə işarə etdi. 

Təbii ki, regionun əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilən Azərbaycanın maraqlarını nəzərə almamaq Aİ üçün bu gün Rusiyanın səhvini təkrarlamaqdan başqa bir şey ola bilməz. O nöqteyi nəzərdən Qərbin müəyyən müddətlik – öz maraqlarını təmin edəcəyi zamana kimi Moskvadan fərqli olaraq Bakının istəklərini nəzərə almaqdan başqa yolu yoxdur. Rəsmi Bakı üçün 5 şərtlik sülh prinsipinə uyğun sazişin imzalanmasında Rusiyanın, yaxud Qərbin rolunun olub olmaması bir o qədər də önəm kəsb etmir. Müstəqil, balanslı xarici siyasət yürüdən Azərbaycan üçün istənilən halda bu proseslərin sonu növbəti zəfərlə yekunlaşacaq.//milli.az