Qəlbimizdən keçənləri əmələ çevirək

0
353


Qəlbimizdəkiləri izah etməyə çox vaxt söz ehtiyatı yetmir. O zaman əmələ keçmək lazım. Bunu pislik düşünənlərə aid etmirəm. Allah hamını onlardan qorusun!
Dünyanı yaşadan arzuları, düşüncələri, əməlləri gözəl insanlardır.
Söz ehtiyatının zəifliyi hər zaman mütaliənin azlığı ilə bağlı deyil.
Ömür boyu bir kitab belə oxumayan, insanlar var ki, danışarkən dəqiqələr saatlara çatır. Mən bunu xoşbəxtliyin bir hissəsi hesab edirəm. Şəxsən mən ömür boyu nə qədər yazı yazsam da, danışarkən nitqim tutulur, sözlər huşumdan gedir. Əməllərimə etiraz edənlər isə hələ ki, qarşıma çıxmayıb. Bunu hər kəsə arzu edirəm.
Əməllərinin qarşılığını görməyi isə yenə də gözəl insanlara arzu edirəm.
Bəs əməli, arzusu pis olanlardan özümüzü necə qoruyaq? Yenə də qəlbimizlə. Qəlbimizin böyüklüyü, gözəlliyi, saflığı, təmizliyi, inadkarlığı, zərifliyi, əhv ilə.
Cəzalar bizi onların tayı edəcək.
Düz yola döndürə bilmədiyimiz insanlardan uzaq olsaq yaxşıdır. Onların cəzasını yaradan mütləq verir. Belə bir misal var: “Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir”.
Ömür boyu bacardığımız qədər pis əməllərin qarşılığını almalıyıq. Bunun üçün nə itirsək də heyfsilənməyək. Həyat mübarizədir. Amma öz qüvvən, öz bacarığın, öz biliyin, öz ağlın, öz əməlinlə…
Qəlbdən keçənləri əmələ keçirmək hər kəsin arzusudur. Bu da həyat mübarizəsinin əsasıdır.
Hər kəs bu dünyada ilk növbədə ailəsini düşünür. Ailəni qorumaq, yaşatmaq, sevmək bizi ətrafdan təcrid etməməlidir. Hər bir ailə insan toplusu içərisində özünəməxsus yer tutur. Bir insan haqqında fikir yürüdəndən onun ailəsi ilə hamı maraqlanır. Kim tərbiyə edib, harda böyüyüb, harda oxuyub və sairə. Ancaq unuduruq ki, aramızda uşaq evində böyüyüb hörmətli yer tutan insanlar da var.
Fərqli toplum içərisində yaşadığımız üçün yalnız qəlbimizə yaxın insanlara inanırıq. Bu həyatın qanunudur. İnancsız yaşamaq mümkün deyil. İnanc qalbimizin arzularının yaradıcısıdır.
Bu arzuların həyata keçməsinə sərf olunan əməllərin stimuludur.
Həyat o qədər gözəldir ki, bizə bütün pislikləri, dərdləri unutdurur. Bu gözəlliyi görmək üçün özümüz də gözəllik yaratmalıyıq. Qəlbimizdə, qəlblərdə, ətrafımızda, əməllərimizdə. Hər kəs öz bacarığından lazımınca istifadə etsə dünya cənnətə dönər… Əgər hər kəs…
Yenə də o hər kəsə pisləri aid etməyək.
Pisləri düşünüb pessimizmə qapılmayaq. Gözəl qəlbləri, gözəl əməlləri düşünüb sevilək, gülək. Özümüz də bu topluya aidiksə, xoşbəxtliyi axtarmağa dəyərmi?..
Sənubər