Qədim “Quran” əlyazmasında gizli mətn tapıldı

0
20

Əbu-Dabidəki Zayed Milli Muzeyinin mütəxəssisləri min ildən əvvəl yaradılmış və İslam incəsənətinin ən böyük əsərlərindən biri sayılan, qədim əlyazma olan “Mavi Quran” adlanan kitabda gizli mətn aşkar ediblər.

Bu barədə Əmirliyin “WAM” xəbər agentliyi məlumat yayıb.

“Mavi Quran” 9-cu əsrin sonu ilə 10-cu əsrin əvvəlləri arasındakı dövrə aiddir. Əlyazmanın dəqiq mənşəyi məlum deyil. Çox güman ki, Tunisdə, Əndəlüsdə və ya indiki İraqda hazırlanıb. Əlyazmanı təşkil edən 600 perqament vərəqindən yüzdən çoxu günümüzə qədər gəlib çatmayıb. Onların bəziləri şəxsi kolleksiyaçılarda, digərləri isə dünyanın müxtəlif ölkələrinin muzeylərindədir. Zayed Milli Muzeyində “Mavi Quran”ın beş səhifəsi var.

Mütəxəssislər qədim perqamenti görünən işıqda fərqlənməyən detalları üzə çıxaran spektrzonal fotoqrafiyaya məruz qoyublar. Məlum olub ki, məharətlə çəkilmiş təsvirin altında vərəqlərdən birində “Nisa” surəsinin bir parçası gizlənib. Muzey hesab edir ki, bu yolla əlyazmanı yaradanlar xəttatın buraxdığı səhvi gizlətməyə çalışıblar. Perqamentin qiyməti baha olduğundan zədələnmiş vərəqi ata bilməyiblər.