Qəbələdə Novruz şənliyi keçirilib

0
287

Qəbələdə Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib. Şənlikdə idarə, müəssisə və təşkilatların kollektivləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, veteranlar, rayon ictimaiyyətinin nümayəndələri və şəhərimizin qonaqları iştirak edib. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova şənlik iştirakçılarını və bütün qəbələliləri bayram münasibətilə təbrik etmiş, xoş arzularını bildirmişdir. Çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev bayram təbriklərini bildirərək, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ölkəmizdə, o cümlədən Qəbələ rayonunda aparılan sosial-iqtisadi inkişafın bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük məharətlə davam etdirildiyini bildirmişdir. Çıxışda qeyd edilmişdir: “Artıq 4-cü ildir ki, tarixi şəhərimiz olan Şuşada, Cıdır düzündə bayram tonqalı yandırılır. Bu il isə bu tonqallar artıq Xocalıda, Xocavənddə, Suqovuşanda da alovlanır. 2024-cü ilin Novruz tonqalı isə dünən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qədim şəhərlərimizdən biri olan Xankəndidə alovlandırıldı. Nəhayət ki, tarixi ədalət qələbə çaldı. Qoy bu bayram tonqalları ölkəmiz ərazisində daim alovlansın.” Bayram tədbirinə faytonla gələn ululuq və ağsaqqallıq rəmzi sayılan “Dədə Qorqud”, yazın müjdəçisi olan “Bahar qız” bayram tonqalını yandırmış, iştirakçıları təbrik edərək xalqımıza bol ruzi-bərəkət və əminamanlıq arzulamış, bu şad gündə el-obanı birliyə, həmrəyliyə dəvət etmişdir. Daha sonra rayonun xalq sənətkarlarının əl işləri, dekorativ tətbiqi-sənət və rəsm əsərləri , “Yaşıl Dünya Naminə Həmrəylik ili” ilə əlaqədar hazırlanmış “Geri dönüşüm: təmiz ətraf mühit və yaradıcılıq” adlı incəsənət nümunələri, Qəbələnin emal müəssisələrində istehsal edilən sənaye və ərzaq məhsulları, bayram şirniyyatları və Novruz xonçalarından ibarət sərgiyə baxış keçirilmişdir. Çoxəsrlik etnoqrafik milli-mənəvi mədəniyyət irsini, qədim milli adət-ənənələrimizi özündə əks etdirən sərgi tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur. Qədim ənənələrimizin canlandırıldığı teatrlaşdırılmış şənlikdə Novruzun əsas personajları olan Kosa və Keçəlin, “Zopu-Zopu”, “Gülbuta” və Gülüstan” etnoqrafik folklor qruplarının bir-birindən maraqlı çıxışları tamaşaçılarda xoş ovqat yaratmışdır. Novruz atributları ilə bəzədilən bayram tədbiri rayonun mədəniyyət kollektivlərinin hazırladığı maraqlı konsert proqramı ilə davam etmişdir.

Təranə Alməmmədova.

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin sədri