Prokurorla ailə qurdu, İlhamə Quliyevaya səhnə qadağası qoydu, əri öləndən sonra bir daha oxumadı… – FOTO

0
310

Kulis.az Xalq artisti Tükəzban İsmayılova ilə bağlı 10 maraqlı faktı araşdırıb.

Bu faktları təqdim edirik:

1. Tükəzban İsmayılova Cabbar Qaryağdıoğlu ilə qonşuluqda yaşayıb. Bir gün gözəl səslə oxuyan qızı eşidəndə Cabbar Qaryağdıoğlu onu yanına çağırıb. Dinləyəndən sonra “bu qızdan yaxşı oxuyan olacaq”, – deyib.

2. Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alıb. Burada klassik xanəndəlik məktəbinin korifeylərindən olan Hüseynqulu Sarabskinin muğam sinfində oxuyub.

3. Tükəzban xanımın yaradıcılığının ilk illəri II Dünya müharibəsinə təsadüf edib. O, müharibə vaxtı təşviqat briqadasının tərkibində cəbhədə konsertlər verib, sənətin bütün ağrı-acılarına, əzab-əziyyətlərinə qatlaşıb. İfa etdiyi mahnılarla əsgər və zabitləri vətənpərvərliyə ruhlandırıb.

4. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Özünəməxsus üslubda oxuduğu “Qatar”, “Xaric segah”, “Şahnaz”, digər muğam və mahnılar milli musiqimizi zənginləşdirib. “O olmasın, bu olsun” filmində toy səhnəsində qadınlar məclisində muğam oxuyan xanəndə Tükəzban İsmayılovadır.

5. Tükəzban İsmayılova iki dəfə ailə həyatı qurub. Onun ilk həyat yoldaşı Məzahir Quliyev respublikanın bir çox yerlərində məsul vəzifələrdə çalışıb. Bu evlilik gerçəkləşəndə Tükəzban İsmayılova Dövlət Filarmoniyasının solisti, Məzahir Quliyev isə Lənkəranda prokuror idi.

Tükəzban İsmayılova Məzahir Quliyevlə ailə qurandan bir il sonra qızları İlhamə dünyaya gəlib. Anasının sənətini davam etdirən İlhamə Quliyeva uzun illər sonra “Azərbaycan estradasının primadonnası” adlandırılır.

6. Ancaq İlhamənin beş yaşı olanda Tükəzban İsmayılova-Məzahir Quliyev cütlüyü yollarını ayırmağa qərar verirlər. Tükəzban xanım Məzahir Quliyevdən ayrılandan sonra görkəmli tarzən Həbib Bayramovla ailə qurub. O, Həbib Bayramovdan 3 yaş böyük olub.

7. Görkəmli tarzən 1994-cü il avqustun 15-də vəfat edib. Həbib Bayramov dünyasını dəyişdikdən sonra Tükəzban İsmayılova səhnələrə çıxmaqdan imtina edib, oxumağa yox, susmağa üstünlük verib.

8. İlhamə Quliyeva xatirələrində Həbib Bayramov haqqında deyir:

“Həbib Bayramov 5 yaşımdan mənə mənəvi atalıq edib. Məzahir Quliyev məni yaradıb, Həbib Bayramov isə tərbiyə verib. Məzahir müəllim Lənkəranda prokuror olanda mən doğulmuşam… Hər iki ailəmin tək qızı olmuşam”.

9. İlhamə Quliyeva xatirələrində deyirdi ki, anası onun müğənni olmaq arzusunu təqdir etmirdi, ona görə də Tükəzban xanımın iradəsinə boyun əyərək 60-cı illərin əvvəllərində Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunur. Lakin o, Moskvada keçirilən musiqi yarışmasında anasından gizlin solist kimi çıxış edir. Burada birinci yer tutması, Tükəzban xanımın qızına müğənni kimi xeyir-dua verməsinə səbəb olur.

10. Ömrünün son günləri Tükəzban xanım bel sümüyündən ağır cərrahiyyə əməliyyatı keçirir.

Əməliyyat uğurlu başa çatsa da, sətəlcəmdən əziyyət çəkən Tükəzban xanım 2008-ci il martın 24-də 85 yaşında vəfat edir. II Fəxri Xiyabanda dəfn olunur.