Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Səttar oğlu Əzimova polis general-leytenantı ali xüsusi rütbəsi verilib.
Seyfulla Əzimov 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yuxarı Daşarx kəndində anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2000-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını bitirib. 1988-1990-cı illərdə Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. O, 1996-cı ildən daxili işlər orqanlarında xidmət edir.
DİN-in ayrı-ayrı struktur qurumlarında cinayət axtarışı və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə üzrə əməliyyat müvəkkili və baş əməliyyat müvəkkili, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəis müavini, Xəzər Rayon Polis İdarəsinin 2-ci və Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis bölmələrinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəis müavini, Quba rayon Polis Şöbəsinin və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifələrində işləyib. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 iyul tarixli 1316 nömrəli Sərəncamı ilə Azərbayсan Respublikası Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
Cinayətkarlığa qarşı mübarizədə, Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin təmin edilməsində və asayişin qorunmasında qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə və xüsusi xidmətlərinə görə müxtəlif mükafatlara layiq görülüb. Prezidentin 2012-ci il 29 iyun tarixli 2309 nömrəli Sərəncamı ilə “Vətən uğrunda”, 2018-ci il 29 iyun tarixli 263 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalları ilə təltif olunub.
Ailəlidir, iki övladı var.