Prezident tapşırıq verib və bu məsələ araşdırılır – Siyavuş Novruzov

0
293

2018-ci ildən dərinləşən islahatlar hüquq-məhkəmə sistemini də əhatə etdi. Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra insanların öz haqlarını müdafiə etməsi üçün məhkəmə son instansiyadır. Yeni təyinat olunan hakimlərin bir çoxları ilə tanışam, bəziləri ilə birlikdə oxumuşuq. Bu məsələ hesab edirəm ki, məhkəmə sisteminin inkişafında öz rolunu oynayacaq.

Bunu Milli Məclisin Reqional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Ali Məhkəməyə hakimlərinin təyin edilməsi haqqında məsələ ətrafında danışarkən deyib.

Siyavuş Novruzov bildirib ki, hakimlərin sayı yenə də artırılmalıdır: “Ölkədə boşananlar evlənənlərin 30 faizini təşkil edir. Bir hakim bir gündə 10 boşanma işinə baxır. Digər tərəfdən mülkiyyət hüquqi ilə bağlı məsələdə də problemlər var. İndi məlum olur ki, bəzi icra başçıları rayonlarda insanların əmlakını əlindən alır. Artıq prezident tapşırıq verib və bu məsələ araşdırılır. Amma zamanında bu məsələlər məhkəmələrdə həllini tapsaydı, prezidentə qədər gəlib çıxmazdı. Ona görə də hesab edirəm ki, bu məsələlərdə ədalətli qərarın əhəmiyyəti çox böyükdür”.

S.Novruzov Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanla bağlı ədalətsiz qərarlar qəbul etməsinə də toxunub: “Avropa Məhkəməsi ağına-bozuna baxmadan, müzakirə aparmadan qərar verir, ədalət əvəzinə ədalətsizliklə məşğul olur. Avropa Məhkəməsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi ilə bağlı kifayət qədər iş var var ki, insanlarımızın bütün fundamental hüquqları, yaşamaq, mülkiyyət hüquqları pozulub, ancaq indiyə qədər Avropa Məhkəməsi bununla bağlı heç bir qərar verməyib. Amma Azərbaycandan bir şikayət gedən kimi ki, mən filankəsin qohumuyam, Əli Kərimliyə işləyirəm, onda mürəkkəb qurumamış Avropa Məhkəməsi qərar qəbul edir”.