“Açığını deyim ki, mən həyatda qabaqcadan qarşıma heç bir vəzifə qoymuram. Amma Prezident kimi bunu özümə rəva görə bilmərəm, çünki əgər gələcəyi düşünməsək, bu günün problemlərini həll etmək çox çətin olacaq”.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya 24” telekanalında yayımlanan “Hakimiyyət formulu” verilişində söyləyib.
Yarım əsr irəliyə baxdığını vurğulayan dövlətimizin başçısı deyib: “Energetika sahəsində bu müddət 100 ildir. Yəni, Azərbaycan ən azı yüz il beynəlxalq enerji bazarında əvəzedilməz və çox mühüm aktora çevrilir. Biz nəqliyyat sahəsində elə infrastruktur yaradırıq ki, o, əsrlər boyu ölkəmizin rifahı naminə işləyəcək. Təhsil – o da bir neçə onillik irəlini nəzərdə tutmalıdır”.
Bunların, eləcə də kadrların, informasiya texnologiyalarının hazırlanmasının gələcəyə yatırılan investisiyalar olduğunu qeyd edən Prezident İlham Əliyev bildirib ki, BMT-nin Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan 2030-cu ilin gündəliyinin icrası barədə üçüncü Könüllü Milli Hesabat təqdim etmiş 12 ölkədən biri və öz regionunda birinci dövlətdir.