Politoloq: İranın Ermənistan “sevdasının” altında əsasən azərbaycançılığa, türkçülüyə qarşı düşmənçilik yatır

0
148


Ölkəmizin Ermənistana qarşı apardığı müharibə Qələbə və İranla həmsərhəd rayonlarımızın da işğaldan azad olunması ilə nəticələndi. Qonşu ölkədə yaşayan milyonlarla azərbaycanlı bu nəticəyə sevinsə də, rəsmi Tehranın üzü heç gülmədi. İran Azərbaycan və Ermənistan arasında 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndinin icrasından, yəni, Zəngəzur dəhlizinin açılacağından narahatdır.
Torpaqlarımızın işğal olunması, Ermənistanla Azərbaycanın və Türkiyənin sərhədlərinin bağlı qalması İranın coğrafi üstünlüyünü artırmışdı. Ölkəmiz İran vasitəsilə Naxçıvanı təbii qaz və elektrik ilə təmin edir, quru yolundan istifadə edir. Əlbəttə, İranın bundan müəyyən qazancları var. Həmçinin Türkiyə də Orta Asiya ölkələri, Əfqanıstan və Pakistanla nəqliyyat vasitələri ilə yükdaşımaları daha çox İran ərazisindən həyata keçirir. İran həm də Türkiyəyə təbii qaz satır.
Zəngəzur dəhlizinin açılması ilə Orta Asiya ölkələrinin karbohidrogen resursları İran ərazisindən keçmədən Türkiyəyə çatdırıla bilər. Həm də İran yükdaşımalarda tranzit ölkə kimi mövqeyini itirmiş olacaq.
Bütün bunlara görə İranın iqtisadi itkilərinə və ya siyasi təsir vasitələrinin əlindən çıxacağına görə narahatlığı qismən başadüşüləndir. Amma İran qəbul etmək istəmir ki, regionda sülhün yaranması və Zəngəzur dəhlizinin açılması onun üçün daha böyük iqtisadi imkanlar və geniş nəqliyyat–kommunikasiya xətləri yaradacaq. Qonşu ölkə bu iqtisadi imkanları yaxşı görür. Lakin torpaqlarımızın işğaldan azad olunması ilə əlindən çıxan təsir imkanları, ətrafında baş verənlərə hər hansı bir müdaxilə edə bilməməsi, region ölkələrinin siyasi-iqtisadi münasibətlərini İranın iştirakı olmadan qura bilmələri onu narahat edir.
Bu fikirləri açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə söyləyib.
Politoloq bildirib: “İranın ən böyük qorxusu Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı və bu əlaqələr fonunda Türk Dövlətləri Təşkilatının (TDT) daha da güclənməsidir. Ona görə heç də təsadüfi deyil ki, Türkiyə Prezidentinin Zəngilan Beynəlxalq Hava Limanın açılışında iştirak etdiyi gün İran Qafanda konsulluq binasının açılışını etdi.
Konsulluq binasının açılışında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın səsləndirdiyi fikirlər əsassız və yersizdir. Çünki regionda Ermənistanın təhlükəsizliyinə qarşı heç bir təhdid yoxdur. Tam əksinə, Ermənistan özü sülhə təhlükədir və təcavüzkar siyasətindən əl çəkmir. Bundan əlavə, “Ermənistanın Şimal-Cənub mühüm tranzit marşrutlarından biri olmasına” xəritəyə baxan rahatlıqla görə bilər ki, düşmən ölkə dağlıq ərazidə və dalanda yerləşir. Ona görə orada İranın vasitəçiliyi ilə hər hansı bir layihənin maddi və iqtisadi baxımdan reallaşma perspektivi yoxdur.
İranın Qərbi Zəngəzurda konsulluq açması, Azərbaycan sərhədində İsraili “axtarması”, köhnə, yararsız texnika ilə hərbi təlimlər keçirərək ölkəmizə hədə-qorxu gəlməyə çalışması məkrli siyasətinin göstəricisidir. Bütün təhdidlərə qarşı Azərbaycan–Türkiyə strateji müttəfiqliyi regionda istənilən təhlükənin qarşısını alacaq, layiqli cavab verə biləcək gücdədir. Həmçinin Azərbaycan İsraillə də əməkdaşlıq edir, İran isə bu əlaqələrə qısqanclıqla yanaşır. Buna görə də İsrail İrana qarşı siyasətini sərtləşdirməyə və genişləndirməyə davam edə bilər”.
Y.Hacızadə qeyd edib ki, İran hər zaman terrorçu dövlətlərin və qruplaşmaların yanında olub. O, Yaxın Şərqdə separatçı terror təşkilatlarını, terrorçu dövlət olan Ermənistanı dəstəkləyir. Bu ölkə Qərb dövlətlərinin sanksiyaları altındadır, daxildə də xalq rejimə qarşı üsyan edir. Xaricidə yaşayan iranlılar isə rejimə qarşı mövqelərini nümayiş etdirmək üçün mitinqlər keçirir, şüarlar səsləndirirlər.
İran bu ölkədə yaşayan 35 milyonluq azərbaycanlılara zülm edib, siyasi-mədəni hüquqlarını pozub. Həmçinin din adı altında bütün vətəndaşlarına xurafat yaşadıb. Eyni zamanda, İran 30 ilə yaxın İslam ölkəsinin torpaqlarını işğalda saxlayan, müsəlman abidələrini, məscidlərini dağıdan, qətliamlar, terror aktları və soyqırımları törədən Ermənistanı dəstəkləməsi heç də təsadüfi deyil. Qonşu ölkənin Ermənistan “sevdası”nın altında əsasən azərbaycançılığa, türkçülüyə qarşı düşmənçilik yatır. Zəngəzur dəhlizin açılmasını Türk dövlətlərini birləşdirəcək xətt kimi görür və əsassız olaraq bunu özü üçün təhdid kimi qiymətləndirir.

O bildirib ki, Ermənistan əlavə olaraq bölgənin Avropa ölkələrinin və ya ABŞ-ın təsiri altına düşməsində maraqlıdır. Həmin ölkələr də İrana qarşı sanksiyalar tətbiq ediblər. Buna baxmayaraq, İran Ermənistanı özü üçün “qırmızı xətt” elan edib. Kiçik, zəif, gücdən düşmüş ölkənin baş naziri ilə görüşmək üçün əhalisi 80 milyon olan bir dövlətin xarici işlər nazirinin onun qapısı ağzında 3 gün gözləməsi İranın acizliyini göstərir. Hesab edirəm ki, İran burada da riyakarlıq edir. Məqsədi erməni lobbisinə özünü “ermənipərəst” kimi göstərməklə ABŞ və Qərb dövlətlərinin tətbiq edə biləcəyi daha sərt sanksiyalardan yayınmaq, həmin ölkələrlə əlaqələrin qurulmasında erməni lobbisinin gücündən və vasitəçiliyindən istifadə etməkdir.
Azərbaycan İrana qarşı Qərb ölkələrinin sanksiyalarına qoşulmadığı halda, İran işğal olunmuş ərazilərimizdə də Ermənistanla əlaqələr qurub və düşmən ölkəni silahlandırması ilə bizi 30 il təhdid edib. Həmçinin Ermənistan İranın köməyi ilə iqtisadi blokadan da müəyyən dərəcədə çıxa bilib. Lakin bu, onun gələcəyinin “parlaq” olacağına dəlalət etmir.