Lakin 1974-cü ildə alman əsilli amerikalı psixoloq Herbert Freudenberger New York-dakı evsiz insanlar üçün nəzərdə tutulmuş klinikada ilk dəfə tükənmişlik problemindən bəhs edərkən narkotika istifadəçilərini nəzərdə tutmurdu.
O, sözün əsl mənasında klinikanın tükənmiş könüllülərini nəzərdə tuturdu. Onların işi gərgin idi və bir çoxları mənəvi sarsıntı keçirirdilər.
Könüllülər əvvəllər öz işlərini sevmələrinə baxmayaraq, artıq düşkünlük hiss edirdilər. İndi onlar öz pasientlərinə layiq olduqları xidməti göstərmirdilər.
Freudenberger bu gərginliyin səbəbini uzun və yorucu iş rejimində görür və bu kliniki vəziyyəti izah etmək üçün tükənmişlik terminindən istifadə etməyə başlayır.
Bu gün tükənmişlik qlobal bir fenomenə çevrilib. Baxmayaraq ki, bu problemlə bağlı statistikanı əldə etmək çətindir, 2018-ci ildə təkcə Böyük Britaniyada 595 000 insanın iş yerində stresdən əziyyət çəkdiyi bildirilir.
Freudenberger bu faktı dərk etdiyi kimi, Sportspeople şirkəti də bunu başa düşüb, YouTube anlamağa başlayıb. Sahibkarlar da həmçinin.
Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəyan edib ki, bu problem Beynəlxalq xəstəliklərin təsnifatı siyahısında yer alacaq. Burada tükənmişlik, “iş yerlərində həll edilməmiş stresdən yaranan” sindrom kimi qeyd ediləcək.
ÜST-ə görə, tükənmişliyin üç elementi var: yorğunluq hissi, gördüyün işdən mənəvi qopuqluq və ondan həzz almamaq, faydalılığın azalması.
Lakin bu problemi həll etmək üçün tükənmişlik vəziyyətini gözləmək çox gecdir, necə ki, başqa xəstəliklərdə.
Tükənmişlik hissi
Bəs tükənmişlik vəziyyətinə çatdığını necə müəyyən etmək olar?
“Tükənmişlik öncəsi vəziyyətin bir çox əlamətləri və sindromları depressiyaya çox bənzəyir”, İrlandiyadan olan psixoterapevt Siobhan Murray deyir. O, tükənmişliklə bağı kitab müəllifidir.
Murray spirtli içkidən istifadə hallarının artması və gün ərzində şəkərdən istifadə kimi pis vərdişlərə diqqət yetirməyi məsləhət bilir. Eyni zamanda keçmək bilməyən yorğunluq hissini nəzarətdə saxlamaq lazımdır.
Bu cür hisslər yarananda isə, Murray həkimə getməyi məsləhət görür.
“Depressiya və tükənmişlik öncəsi vəziyyət çox oxşardır. Lakin tükənmişliyin xəstəlik olması ilə bağlı fikirlər yayılsa da, hələ ki, belə deyil. O hələ də peşə fenomeni kimi təsnif edilir”, Murray deyir.
Ona görə də yalnız peşəkarlar bu ikisi arasında fərqi müəyyən edə bilər. Depressiya üçün bir çox müalicə vasitələri mövcuddur, tükənmişlik isə həyat tərzindəki dəyişikliklə aradan qaldırıla bilər.
Tükənmişlik vəziyyətində olduğunuzu, yoxsa çətin ay yaşadığınızı necə müəyyənləşdirə bilərsiniz?
“Stress çox əhəmiyyətlidir və təşviş bizi daha böyük işlər görməyə həvəsləndirir,” Murray deyir. “Tükənmişlik həmin vaxt yaranmağa başlayır ki, biz müntəzəm şəkildə stress və təşvişdən əziyyət çəkirik”
Üzərində işlədiyiniz böyük bir layihəni götürün. Onun haqqında fikirləşərkən adrenalin yaşamağınız normaldır. Bəlkə də məhz bu adrenalin sizi gecə yatmağa qoymur.
Lakin Murray deyir ki, layihə başa çatandan sonra da özünüzü yorğun hiss edirsinizsə, tükənmişlik vəziyətinə çatmış ola bilərsiniz.
Tükənmişliyin əlamətlərindən biri də gördüyün işin heç bir əhəmiyyəti olmadığını düşünmək və məyusluğa meyillikdir.
“Tükənmişlik həddinə çatan biri yəqin ki, emosional çöküş və ya mənəvi boşluq hiss etməyə başlayacaq,” Londonda tükənmişlik problemini araşdıran psixoterapevt Jack Walker deyir.
O həmçinin tükənmişliyin sonuncu əlamətinə də diqqət yetirməyi məsləhət bilir. Bu, gördüyün işin keyfiyyətini itirdiyi hissidir.
“İnsanlar deyirlər ki, bu mən deyiləm, mən belə deyiləm, adətən filan işi yaxşı bacarardım. Təbii ki, əgər onlar fiziki tükənmişlik vəziyyətindədirlərsə, onda normal fəaliyyət göstərə bilmirlər,” Walker deyir.
Əgər bu, o qədər də elmi səslənmirsə, Maslach Tükənmişlik Siyahısına (Maslach Burnout İnventory) nəzər salın. Bu test tükənmişliyi ölçmək üçün hazırlanıb.
İlk dəfə 1981-ci ildə dərc edilmiş siyahıya indiyə qədər araşdırmalarda yüzlərlə dəfə istinad edilib. Baxmayaraq ki, bu test tükənmişlik vəziyyətini ölçmək üçün nəzərdə tutulub, ancaq ondan istifadə edərək tükənmişlik vəziyyətə yaxınlaşmağınızı da yoxlaya bilərsiniz.
Siz tükənmişliyə yaxınlaşırsınız: növbədə nədir?
Tükənmişliyin qarşısını almağın ən yaxşı yolu ona nəyin səbəb olduğunu axtarıb tapmaqdır.
“Həyatınızda elə bir şey varmı ki, ya müvəqqəti, ya da həmişəlik onun başını buraxa biləsiniz? Bu, tükənmişliyin fiziki əlamətlərindən yaxa qurtarmaq imkanı yarada bilər”, Murray deyir.
Walker-in üç mərhələdən ibarət bir proqramı var. Buraya şəxsin təklif edə biləcəyi ilə ondan nə istəndiyini hiss etmək arasındakı uyğunsuzluğun səbəbini aydınlaşdırmaq da daxildir.
“Bəzən bu ona görə baş verir ki, onlar mükəmməl olmaq ehtiyacını hiss edirlər,” Walker hesab edir.
- Uzun və sağlam həyatın sirri: az yemək
- İş yerindəki gizli çirkli hava: bundan necə xilas olmaq mümkündür?
Bəzən isə iş mühiti problem yaradır. 2018-ci il Gallup şirkətinin ABŞ-da 7500 işçi arasında keçirdiyi tədqiqata görə, tükənmişlik işdə ədalətsiz münasibətdən, hədsiz iş yükündən və işçinin şirkətdəki rolunun aydın olmamasından qaynaqlanır.
İşçilər həmçinin menecerin onlara dəstək verməməsindən və əsassız vaxt təzyiqindən gərginlik keçirirlər.
“Başqa bir məsələ isə şirkətdəki dəyərlərlə şəxsin öz dəyərləri arasındakı ziddiyyət ola bilər. Bu da gərginliyə və çaşqınlığa səbəb ola bilər. Çünki bu insanlar inanmadıqları işlərlə məşğul olurlar,” Walker deyir.
Çox vaxt onun müştəriləri işdən kənar məşğuliyyətlərlə problemi həll etmiş olurlar. Lakin bəzi hallarda bir sıra radikal addımlara ehtiyac olur, məsələn, şirkəti və ya hətta peşəni dəyişmək kimi.
Tükənmişliyə səbəbin nə olmasından asılı olmayaraq, Murray-in ən əhəmiyyətli məsləhəti özünə qarşı səmimi olmaqdır.
Əgər hesab edirsinizsə ki, tükənmişliyə çox yaxınsınız, geriyə bir addım atıb yanlış nəyin baş verdiyini müəyyənləşdirin və özünüzü bu tələdən azad edin.