Özümdən danışmaq istərkən…

0
345

Hər kəs kimi mən də fərqli durumlarla üzləşirəm və hər halımı kimləsə bölüşməyə ehtiyac duyuram. O zaman yalnız kağız, qələmə üz tuturam. Söhbət etməyə kimsən olmadığına görə deyil, halımın və düşüncələrimin çox tez dəyişdiyinə görə…
Hər kəsə arzuladığım ümid və səbr məni də tez yaxalayır. Yalnız yaxınlarıma və cəmi kütləyə qarşı duyğularımın əhatəsində qalıram. Həyatda saysız dərdlərlə üzləşənlər varkən kiçik və böyük sıxıntıları dilə gətirmək çox çətindir.
Böyük dərdlərin kiçik sıxıntıların da yeganə ümidi səbrli olmaqdır. Arzuları yerinə yetən insanların isə bu dərd və sıxıntılarla anlaşması çətin olsa da, səbr diləməsi hər zaman var.Dərdli insanlarla xoşbəxt insanların birgə yaşadığı bu həyatda uzlaşım durumlarından vaz keçə bilmirik.
Bütün sevinclərdə kədərin kölgəsi var. Bu durumun uşaqlarda və gənclərdə olmaması yeganə təsəllidir. Onlar hər zaman ürəkdən sevinə bilirlər. Dərdlər yaşlaşdıqca üzüntüyə çevrilir. Sevincli günlər isə nə halımıza, nə yaşımıza baxır. Nə qədər az, nə qədər çox olsa da, bizlərdən bunu məhrum etmir.
Bunun üçün də şükür etməyi unutmamalıyıq. Həyatda nikbin və bədbin insanların olduğunu nəzərə alsaq, təəssüf etməliyik ki, şükür də bərabər bölüşmür. Son ümidimiz Allaha yalvarışlarımızın sevincli sonluğudur.
Sıxıntılarımız dərdlərə çevrilməsin. Ümidlərimiz sıxıntıya çevrilməsin. Baş verənlər ümidsizliyə çevrilməsin. Ümidsizlik səbrimizi əlimizdən almasın. Hər halımıza şükür etməyi unutmayaq.
Arzularımız tək özümüzə deyil, bütün topluma yönəlsin. Problemlərimizi dərdə çevirməyək. Dərdlərimizi səbrsiz buraxmayaq. Öz problemlərimizi düşünərkən ətrafımıza nəzər salaq.
Yaxşılıq etmədən yaxşılıq gözləməyək. Kiçik bir diqqətin böyük yaxşılıq da bilməsini də…
Və… ürəyimizdən heç bir zaman sevgi hissi əskik olmasın.

Sənubər