Ömürdən saymadım mən, sənsiz keçən bir ili…

0
400

(Bir il sənsiz)

 Hır zaman, ömrüm boyu,                                                                                                        

Ruhumun qidası tək,                                                                                                            
Yaşadım sənin üçün.
İndi də yaşayıram –
Sənin arzularınçün… 

Kimlər gəldi, kimlər getdi, bu dünyadan, bu dünyadan!… Bu barədə düşünəndə ilk ağla gələn bu olur ki, kaş sonu ölümlü, ayrılıqlı olan bu dünyadan xəbərsiz olaydıq…

…Hamının dərdi, itkisi var, kədəri var. Hamının dərdi özünə dünya boydadı. Amma dərdin, itkinin, faciənin miqyasını, böyüklüyünü hər kəs özü müəyyənləşdirir. Ogul itirən, Şəhid verən analar tanıyıram ki, (qarşılarında baş əyirəm) o itkinin agrı-acısını hiss etdirmir, dərdini içində çəkir, qəlbində yaşadır. Adam da var yaşamaq onun üçün bir ömürlük əzaba çevrilir, yaşaya bilmir.

Bunun adı həyatdı, baş açmaq olmur…

****

365 gündür hər gün sənin görüşünə gəlirəm. Hər gün saatlarla həmsöhbət oluruq. Dərdləşirik, ağlayırıq. Bizim yarı yolda qalan arzularımıza, sənin yaşamadığın illərə, hansı ki, tanrının xeyirxah, sevimli bəndəsi kimi yaşamağa daha çox haqqın var idi.

Sən işıq idin, nur idin, sən həyatın özü idin. Sən olan yerdə problem ola bilməzdi. Hamıya xoş münasibət, dəstək olmaq bacarığın, əl tutmaqlığın səni hamının yanında hörmətli, sevimli eləmişdi, məhz buna görə də sənin vaxtsız gedişinə nəinki əzizlərimiz, yaxınlarımız, səni tanıyan, bilən bütün insanlar “heyif səndən”- dedi. Heç kəs inanmadı, bir il keçib, heç kəs inanmır…

****

Hər gün ömür dostumun şəkilləri ilə söhbətləşib dərdləşəndə onun mənim sözlərimə reaksiyasını görürəm və təbii ki, bunu ancaq mən görürəm. Çünki mən də düz bir il əvvəldən ömür dostumla birgə ruhlar dünyasının adamıyam. 35 illik birgə həyat kitabımızın qəfil və çox vaxtsız, vədəsiz bağlanması, yarı yolda qalmağımız mənim də sonum oldu. Bu gün mənimlə bir il əvvəl haqqın dərgahına qanadlanan can dostum arasında bir ruhi baglılıq var və buna gorə də mən Xəysəmin mənim sözlərimə, çəkdiyim acılara, yaşadığım faciəyə münasibətini hiss edirəm, necə reaksiya verdiyini görürəm. Yəqin ki, inanmayacaqsınız, ancaq bu, elə belədir.

Bu 1 ilin hər günü, hər saatı, hər dəqiqəsi mənə 100 il kimi gəlsə də, ancaq bu biz olmayan ilin necə tez ötüşdüyünü görürəm. Elə bil dünən idi… Bu da daha bir paradoks. Bu 1 ili 100 il kimi yaşamağım da an kimi ötüb keçdi. Bunu da izah edə bilmirəm. Heç şübhəsiz… ayrılığın sonu var, təbii ki, bu, biz qovuşanda, birləşəndə olacaq.

****

“Burnumun ucu göynəyir”. Hələ uşaqkən valideynlərimdən, bizdən əvvəlki yaşlı nəslin dilindən ara-sıra eşitdiyim bu cümlənin özündə daşıdığı məna yükünü, məzmununu bilsəm də, burnun ucunun necə göynəməyini heç təsəvvür etməzdim. Bunun məcazi mənada deyidiyini düşünürdüm. Ulu tanrı sevdiyimi məndən alaraq burnumun ucunu göynətdi. Burnun ucunun necə göynəməyini mənə öyrətdi. Və bu göynərti 1 ildir davam edir və ölənəcən, sevdiyimlə görüşədək davam edəcək, sonacan göynəyəcək.

Burnunuzun ucu göynəməsin!

****

 “Həyat özümdən və həyat yoldaşımdan ibarətdir”. Türkiyənin Aya Sofya məscidinin 17 seksiyasından birinin divarlarına həkk olunmuş bu kəlam çox hikmətlidir və dogurdan da ömür yoldaşını itirmək həyatın sönməsi, vaxtın, zamanın donması, sənin də ölməyinə bərabər bir vəziyyətdir.

Artıq 1 ilin tamamıdır ki, bizə məxsus olan dünyamızda da həyat sönüb, zaman sanki dayanıb. Hiss edirsən ki, hər ötən gün Allahın sənin üstündən çəkdiyi xətt bir az da qalınlaşır, səni bir heçə, boşluğa sarı sürükləyir. Və buna sevinirsən.

Dünyadan, insanlardan, həyatdan küsmək cox pis sey imiş. Heyif, min heyif! 35  illik şirin bir yuxu ömründən sonra belə “yaşamaq” tale qismətim imiş. Kim bilərdi ki?

 Deyirlər ki, Allahın işini bilmək olmaz. Bu deyimin həqiqət payı məncə tam deyil, əllinin əlliyədi. Bəli, Allahın bizim pis hesab etdiyimiz islərini bilmək olmur. Taledən, qismətdən, Tanrıdan heç kəs zərbə gözləmir, gözlədiyimiz yaxşı işlərdi, ugurlardı, sevincdi, xoşbəxtlikdi.

Ancaq bunlar olsa da, axıracan olmur, hardasa qırılır, acılar, faciələr qəfil gəlir, adamı pis yerdə haqlayır. Zalım fələk hamını ağladır.

Bunun adı həyatdı…

Heyif, milyon-milyon heyif!

****

Təbii ki, həyat ölümsüz olsaydı çox mənasız olardı. Təsəvvur edin: heç kəs ölmür. Adamlar biri-birinin ətini didərdi. Ancaq ölum qorxusu insanları hardasa cilovlayır, düz yola çəkir.

Yaradılan hər kəs ölümü təbii qəbul edir, haçansa gələcəyini bilir və gözləyir. Ancaq ən pisi, faciəlisi odur ki, ölüm səni tez haqlasın. Bu dəhsətdi, çalış, vuruş, tik, qur, yarat, bütün həyatını övladlarına, yaxınlarına həsr elə, özün üçün yaşama, hər şeyi ilğım olan gələcəyə saxla və qəfil get son səfərə. Bu, mənim üçün ən böyuk faciədir. İndi, indi asudə yaşamağa imkanın yarandığı, övladların xeyirin, bəhərin görməyə başlayacağın, çəkdiyin zəhmətin meyvəsini dərə biləcəyin bir məqamda ölüm səni haqlasın ki, səninki bura qədərdi. Mən qurban olduğumun bu işinə məəttələm. Niyə belə olmalıdı axı?! Bu, Allaha üsyan deyil, Allahıma olan böyük sevgimin mənə dedizdikləridi. Qəbul edə bilmirəm, anlaya bilmirəm bu yazını, bu qisməti. Güc və qüvvət sahibi, şəfqətli, mərhəmətli, Uca Allah onu sevən, haqq yolunda olan, xeyirxah, dili dualı bəndəsinə bu qədər amansız ola bilərmi? Xeyr! İnanmıram. Bəlkə insanları öldürən elə insanların özləridir? Pis insanlardır, ən çox da pis həkimlərdir və məncə bu qədər vaxtsız ölümlərdə pis həkimlərin günah suçu daha çoxdu. Və bir də günahkar hamımızıq, bizim bir-birimizə olan pis münasibətimizdi.

Kaş, yaradılmayaydıq heç!

****

Sudan çıxarılmış balığın vəziyyətini izləmisinizmi heç? Bir az çabalayib ölür. Mən 1 ildir çabalayıram, hələ də yaşayıram. Düşünəndə ki, sən yoxsan, dəhşətə gəlirəm. İnanmıram. Hər gün sənin yoxluğunu o anın itkisi kimi yaşayıram və biləndə ki, xeyli muddətdir sənsizəm, ölmürəm, yaşayıram, daha bir dəhşət. Xəysəsiz yaşamaqmı olardı?  Mən sənsiz yaşamalıydımmı?

Biz belə danışmamışdıq, axı. Mən özümə 70, sənə isə özumdən sonra azı 15 il ömür arzulayanda sən demişdin: “İstəmirəm, elə normal bir ömür yaşayaq və bir gedək dünyadan”. Sonra da əlavə etmişdin: “bir, iki ay məsafə ilə”. Mən bunu bacarmadım. Bir getmək imkanı olsa da Allah qismət eləmədi mənə.

Heyif səndən, əzizim. Gündə bəlkə də 100 dəfə deyirəm, heyif səndən! Taleyin, zalım fələyin bu gərdişinə cəng açmaq istəyirəm. Niyə belə olmalıydı, axı?

Bu gün sənsizliyin, ayrılığın 1 ili tamam olur. Bu 1 ilin hər anı mənimləsən, əzizsən, sevimlisən, hər işi səninlə birgə görürəm. Birgə sevinir, gülür, ağlayırıq. Həmişə belə olacaq. 

Bizi cismən ayıran və arxada qalan bu 365 günün hamısında sənin görüşünə gəldim. Amma çox zaman da gündə iki dəfə görüşürük. Bu mənim özümə təsəlli verdiyim, səninlə çox rahat söhbət edə bildiyim bizim son mənzil qərargahımızdır. Səhərlər məni sənin şəkillərin yola salır, onlarla səninlə sagollaşıb işə getdiyim kimi sağollaşıb işə gedirəm, günortdan sonra axşam üstü isə sənin hüzurunda oluram. Eynən bir il əvvələcən oldugu kimi – axşamtərəfi saat 4 – 5 radələrində evə gəldiyim kimi, indi də sənin gözəlləşdirdiyin məzarıstana görüşünə gəlirəm. Günün olaylarını müzakirə edirik. Saatlarla söhbət edirik.

Evdə divarlarımıza bəzəyi olan foto şəkillərinlə söhbətlərim isə ayrıca bir dünyadır, hər söhbət bir əsərdi, əgər o anda onu qələmə ala bilsəm. Sonra o anları ha çalışsam da yaşadığım kimi yazmaqda acizəm.

****

24 rəqəmini heç zaman sevmədim. Bu, bəlkə də 24 aprellə, ermənilərin soyqırım iddialari ilə bağlı məndə yaranan antipatiyadı. Sonralar bu rəqəmdən hər yerdə qaçdım. Ancaq bu rəqəm məndən qaçmadı, haqladı məni, 24 may tarixində SƏNi itirdim. Bu rəqəm mənim üçün həyatın, yaşamın bitdiyi rəqəm oldu.

****

O günü yaxın bir dostum zəng eləmişdi, görüşək dedi, çoxdandı dərdləşmirik. Görüşdük, ordan burdan, danışdıq, vəziyyətimi görüb sonda məsləhət verdi ki, çalış ki, unudasan. Yoxsa yaşaya bilməyəcəksən, öləcəksən. Heç nə demədim. İçim göynədi, bütün əzalarım ağrıdı, sızıldadım, ağladım. Səssizcə… Sonra xudahafizləşdik, bu dəfə təklikdə bərkdən ağladım, hönkürdüm, bağırdım.  Kimi unudum, özümü? Mənə özünü unut deyirlər, ilahi! Bu, nə məntiqdi? Həyat budurmu? Yaşamaq bumu? Heyif ki, doğulduq, gördük bu dünyanı, onun insanlarını… Min heyif…

****

 “Qədrimi mən olmayanda biləcəksən”. Yox, bu o demək deyildi ki, mən onun qədrini bilmirdim. Bu yarı-zarafat deyilən sözlər bu gün öz təsdiqini onda tapır ki, mən ömür dostumu layiq oldugu qədər sevə bilmədim, qədrini daha cox bilməliydim.

Adam nur idi, isıq idi, o vardısa, həyat vardı, yaşamaq eşqi var idi. Arzular var idi. Yaşamaq çox gözəl idi.

Birgə yasadığımız 35 ildə çox çətinlikləri asanlıqla dəf edə bildik, istədiyimiz hər şeyə demək olar ki, nail olduq. Ancaq tək bircə ayrılıqla bacarmadıq. Çox tez oldu bu ayrılıq, ömrün ən maraqlı, yaşamalı vaxtında dostum fələyin badına getdi, qoruya bilmədim, canımı da verməyə hazır olsam da, taleyi yazan dedi ki, çox atdanıb düşmə. Sizinki buracandı.

Olmayaydı…      

Bir ayrılıq, bir ölüm,

Heç biri olmayaydı.

Ölüm Allah əmridir!?

Ayrılıq olmayaydı.

Ayrılıq mütləqdisə-

Əllidə, altmışda yox –

O yüz yaşda olaydı,

Sevənlər bir öləydi.

Və bir də… “Sən mənsiz yaşaya bilməyəcəksən”- deyirdin. Bu qənaətində yüzə yüz haqlısan. Mən sənsiz yaşaya bilmirəm, əzizim, yaşamıram. Bu, yaşamaq deyil.

Heyif, min heyif.

****

Dünən işə gedəndə yenə də yanımdaydı. Gördüm ki, qol-qola gedirik, heç vaxt geymədiyi təzə paltarları da əynində, sevə-sevə almışdıq. Çox yaraşırdı. İnanmarsınız ki, necə canlı, diri bir mənzərə idi. Xəysəmin xatirəsi də canlıdı, həyatın özüdü…

****

Yaşadıgımiz, gözəl günlərimizə şahidlik edən evimizin mənzilləri bizim qoşa foto səkillərimizlə daha da gözəlləsib, nağıllaşıb. Hər şəkil yaşadığımız gözəl bir günün unudulmaz xatirəsidi. Hər biri ilə, hər gün ayrıca söhbət edirəm, hər yeni gündə söhbətlərimiz də o günün başqa yaşantıları olur. Həyatdakı kimi, sanki kino lentini fırladırıq…

Ömür dostum foto-şəkillərindən də mənim yemək-içməyimə, pal-paltarımın ütüsünə, səliqəsinə baxır, sanki, nəzarət edir. Deyir, bunu belə elə, onu belə elə, uşaqları nəzarətsiz buraxma. Mən də calısıram ki, 35 illik ömrümüzdə olan bəzi xırda-para səhvlərimi təkrarlamayım, Xəysəmin qəlbini qırmayım. Qoy hər sey ürəyincə olsun. Bütün həyatımız boyu o, hər zaman çalışıb ki, hər şey mənim ürəyimcə olsun. Mən istədiyim kimi olsun, mənim nə istədiyimi məndən də yaxşı bilirdi. Mən də hər zaman onun ürəyincə olan iş görmüşəm, hər halda düşünmüşəm ki, dostum üçün bu daha məqbuldu, bu, belə olmalıdır. Beləcə bir nağıl kimi, sevgi dolu şirin bir ömür yaşadıq, xoşbəxt idik. Ancaq taleyimiz bizim arzuladığımız axarda davam etmədi. Qurban oldugum 2-3 il də olsa möhlət vermədi ki, bəzi həyati vacib işlərimizi birgə tamamlaya bilək, qəfil gəldi və dedi ki, sizinki buracandı. Vəssalam.

****

 “Azadlıq” prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişdiyi yerlə bağlı ağrılı xatirələr məni hər gün ağladır. Bu məkanda bir tərəfdə Bakı Sağlamlıq Mərkəzi, onun üzbəüz isə “Elit” aptek və “Darçın” aptek yerləşir. Bir il əvvəl ailəlikcə ölümlə çarpışdığımız 2 ay ərzində bu apteklərdən aldığımız tapılmayan dərmanlar, Bakı Sağlamlıq Mərkəzinin Qan bankından aldığımız qan ehtiyatlarının (bir deyilirdi, 2 alırdıq ki, birdən qəfil lazım olar çatdıra bilmərik, qoy əllərinin altında olsun) Xəysəm üçün düşərli, xeyirli olması arzusu ilə Ulu yaradanımıza bəlkə gündə milyon dəfə dualarımızı eşitməyini diləsək də, bütün arzularımız, hyatımız hamısı o ünvanda çilik-çilik oldu. Və o günlərin birində təcili lazım olan dərman üçün “Elit” aptekə qaçarkən ayagım bardürə ilişdi, elə bil məni hansısa qüvvə götürüb göydən yerə çırpdı, hüşumu itirdim, yol keçənlər köməyə gəldi, yardım etdilər, çox sonra özümə gəldim. Elə bil Allah məni yerə cırpdı ki, çox atılıb düşmə, xeyiri yoxdu. Mən sizi ayıracam. Özümə gələndə ilk ağlıma gələn bu oldu ki, yəqin Allah mənə xəbərdarlıq edir ki, əbəs yerə özünü yorma. Amma sonacan ümidimi kəsmədim, Allahıma dulalar elədim.

Allah eşitmədi bu dualarımı, dualarımızı…

Şəhərdə bir necə ünvan var ki, hər dəfə ordan keçəndə acı hisslər yaşayıram. Biri “Azadlıq” prospektində olan bu ünvandır ki, tərslikdən hər gün gedirəm o yolu və hər gün göz yaşlarım sellənir. Digər bir ünvan isə “Fəhlə prospekti”nin Zığ  modul xəstəxanası istiqamətindən keçən hissəsidir. Nə mən, nə də oğlanlarım o yolu getməməyə çalışırıq. Ora bizim üçün lənətlənmiş ünvan, ümüdimizin kəsildiyi yerdir.

Belə…

Bir il beləcə yasadıq.

****

Şəhərin harasına, hansı ünvanına gedirəmsə hər yer Xəysəli günlərimi yada salır.   Çünki, hamısı olduğumuz yerlərdi, dəfələrlə keçdiyimiz küçələr, prospektlərdi. Hamısında isti, dipdiri xatirələr yaşayır. Hətta onunla olmadığımız yerlərdə də ömür dostumu axtarıram və orda da tapıram. Çünki mən hardayam onun ruhu mənimlədir. Hər an söhbətləşirik, məsləhətləşirik, dərdləşirik.

Ondan sonra oğlanlarıma, gəlinimə, nəvəmə munasibətim də daha fərqli olub, indi onlara həm də Xəysəmin gözü ilə baxıram, münasibətim onunkudur.

Xəysəm son bir ildə nəyi var idisə nəvəmiz Burla üçün xərclədi. Bütün sevgisini, “aşkım-maşkım” deyib Burlaya verdi. Burla dil açıb yeriməyə başlayanda isə Allah onu bizdən cismən aldı. İndi Burlamız 2 yaşlı gözəl bir qız olub. Nənəsini bir an da unutmur. Saatlarla şəkillərinə vaxıb öpücüklər göndərir. Bəzən də şəkillərinə baxıb, fikrə gedir, hirslənir, əli ilə çağırır, “gəl də ə ə” – deyir. Bəzən də evdə hansısa mahnıya oynayanda nənəsinin şəklınə sarı çönüb “oyna daaa” – deyir.

Ziyarətinə gedəndə elə bilir ki, canlı nənəsi ilə görüşür. O görüş anında nəvəmin üzünün mimikasını, təbəssümünü görəsiniz…

****

Bu sətirlərin, mətnlərin çox hissəsini sənin məzarın üstündə hər günkü ziyarətlərimdə yazmışam. Hamısı səninlə sohbətlərimizdi, indi xatirə olan gözəl günlərimizin göz yaşı ilə anılması, yanıb yaxılmagımdı.

Bura səninlə mənim əbədi evimizdi. Burda sənin ruhunla rahat danışa bilirəm, sanki canlı kimi. Özümü sakitləşdirmək üçün sənin ruhun üçün hər gün bildiyim bütün duaları oxuyuram. Sənə qüdrətli və mərhəmətli Allahdan cənnət rahatlığı arzulayıram. Hər gün bu yerdə Allahdan bizi tez qovuşdurmasını diləyirəm.

****

Bir işıq kimi gəlib keçdin ömrümdən, həyatım nura boyandı, nur selində gözəl bir ömür yaşadıq. Bu gün də o günlərin dipdiri xatirəsi ilə ayaqda qala bilirəm. Ən böyük arzum subay olan 2 oğlumuzu sənin arzuladığın kimi evləndirməkdi, ailə-uşaq sahibi eləməkdi. Allahın köməyi ilə bunlar hamısı olar inşallah! 

Deyirlər zaman hər şeyi, ən böyük itkini belə unutdurur, köhnəldir, illər bütün yaralara məlhəm olur. Məncə belə deyil. İllər heç nəyi unutdurmur, heç bir yaraya məlhəm olmur, biz unuduruq və hər şeyi vaxtın, zamanın ayağına yazırıq.

Mən səni hec zaman yanımdan heç yerə buraxmayacagam, necə ki, son bir ildə əvvəlki 35 ilimizdəki kimi bir yerdəyik – hər yerə bir gedirik, işə də, gəzməyə də, bazarlığa da, hər yerə. Asudə vaxtlarda da bir yerdəyik, hər zaman belə olacaq, nə qədər mən varam belə olacaq. Bu, 1 günmü çəkəcək, 5 günmü, 1 aymı, bilmirəm. Ancaq səni heç yerə buraxan deyiləm.

Hər gün dəfələrcə sənin nəvəmiz Burlaya “Kukla”m və “Cücələlərim”i rəqs etməyə öyrətdiyin xatirə videonda onun hərəkətlərinə sənin sonsuz gülüşlərinə baxıb aglayıram. Sənin gülüşünə, səsinə, danışığına aglayıram. Və beləcə hər günümüzü səninlə başa veririk, özünü, gülüşünü, səsini eşidib rahatlıq tapıram.

****

Günlər an kimi ötsə də onun hər anını, hər dəqiqəsini bir əsrə bərabər böyük bir zaman, bir ömürlük əzab və cəza kimi çəkirəm və… yasayıram. Hər ötən gün dərd yüküm bir az da ağırlaşır, böyüyür, daha tab gətirmək olmur sənsizliyə… Haracan, haçanacan dözüb davam gətirə biləcəyimi də bilmirəm. Səninlə qovuşmaq arzum məni yarımçıq işlərimizin tamamlanması üçün toparlasa da, tələsdirsə də ancaq daha heç bir möcüzəyə inana bilməməyim əl qolumu bağlayır. Hər şeyi zamanın axarına buraxıb övladlarla bağlı çalışıram. Ancaq yenə də Allahın lütfi ilə sənin arzularına həyat verib qovuşacağımıza qəlbimdə bir inam işığı yanır. Və onu da bilirəm ki, mənim bu 1 ili necə yaşadığımı SƏN görürsən. Görürsən ki, Səndən sonra yaşamaq olmur, görürsən ki, daha heç nə ləzzət eləmir.

Bu darmacalda Böyük Allah öz qüdrətindən mənə güc və qüvvət və tale şansı verəydi, kaş… nə yaxşı olardı…

Deyirlər, Allah ruhları elə yaradıb ki, biz onları görməsək də Tanrı onlara bizi görməsinə izn verir, onlar bizə nəfəs qədər yaxındılar və hər şeyi görürlər və inanıram ki, sən məni, bizi görürsən, sənsizliyi necə çəkdiyimizi, necə yaşadığımızı görürsən. Heyif, min heyif.

Rahat uyu, hamıdan əziz və gözəl insan, hamıdan yaxın sirdaş, hər kəsdən yaxın ürək dostum, bütün dərd-sərimi çəkinmədən bölüşə bildiyim tək adam, məni yaşadan quvvə  – haqqın dərgahındakı cənnət yerin rahat olsun. Görüşənədək!

****

Mən jurnalistəm,  şair deyiləm, şeir də yazmıram. Ancaq beynimdən süzülən bu misralar şeir kimi alındı. Şeir kimi kamil olmasa da, sözlər içdən gələn, qəlbdən süzülən agrı-acılarımdı…  İçinizdən ağrı-acılar süzülməsin..                        

Hamısı sənin imiş

(Həyat yoldaşım Xəysə xanım üçün)

Mənim ilham mənbəyim,

Udduğum havam, suyum,

Həyatımın, ömrümun

Bəzəyi, yaraşığı-

Ruhumun qidası da,

Mənası, məzmunu da-

Hamısı sənin imiş.

Ürəyimin təpəri

Dizimin taqəti də,

Hərdən yeri gələndə

Səsimi qaldırmağım,

Ötkəm danışığım da,

Çoşub çağlamagım da

Hamısı sənin imiş.

Uğurum, xeyir-duam,

Məni bu cəmiyyətə

Təqdim edən gur səsim,

Gözümdəki təbəssüm,

Üzümdəki təkəbbür,

Belimin şux qaməti,

Ayaq üstə qalmağım

Yasamağa gümanım,

Özümə inamım da,

Hamısı sənin imiş.

Gozümün nur işığı,

Bəzəyim, yaraşığım,

Mənə “yaşa” söyləyən,

Sirli, sehirli səsim,

Gücüm, qətiyyətim də

Hamısı sənin imiş.

İlahi ədalətim,

Ölçüm, mizan tərəzim,

Çətində tapındığım,

Qoruyucu mələyim,

Xeyirxahım, dəyərim,

Yaşamağa səbəbim –

Hamısı sənin imiş.

Gözlərimin atəşi,

Mövqeyim, dağ vüqarım,

Yuxarı başda yerim,

Şirin sözüm, söhbətim,

Hörmətim, izzətim də-

Hamısı sənin imiş.

Evimin yarasığı,

Sənin nəfəsin, səsin,

Şaqraq gulüşün imiş.

Agzımın dadı, tamı,

Hamısı sənin imiş.

Mənə külüng çaldıran,

Bisütunlar yardıran,

Çox bağlı qapıları,

Üzümüzə açdıran,

Sevgin, məhəbbətinmiş,

Varlığım, mövcudluğum,

Yaxşı hər nə vardısa –

Hamısı sənin imiş.

Hamını sevməyim də

Səni sevməyim imiş.

Həyatım alt-üst oldu,

Vaxtsız gedişin ilə,

İndi yaşa de görüm,                                                                             

Yaşa, yaşaya bilsən.

Səni tək buraxmaram,

Canımda, qanımdasan.

Ruhumuz qoşalaşıb,

Cənnətdə görüşədək.

                        24 may 2022-ci il.

                                    Zərbalı MİRZƏ

Bu foto-şəkillər ailəmizin gözəl günlərindən bir xatirədi.  Hələ daha xoşbəxt çağların, gözəl günlərin qarşıda olduğunu düşünürük. Ancaq…