Dekabrın 14-dən etibarən müəllimlərin işə qəbulu müsabiqəsinin ilk üç turu üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan vakansiyalara işə qəbul olunmuş namizədlər üçün onlayn müsahibələrə başlanılıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, müsahibələr “Microsoft Teams” proqramı üzərindən onlayn formatda təşkil olunur.
Namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə elektron poçt ünvanlarına göndərilən keçid linkinə daxil olmaqla müsahibəyə qoşula bilirlər.
Onlayn müsahibələr üçün yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, məktəb direktorları, diaqnostik qiymətləndirmə imtahanında yüksək nəticə göstərmiş fənn müəllimləri və psixoloqlardan ibarət komissiya heyətləri yaradılıb.
Müsahibələrin ümumilikdə doqquz gün davam etməsi nəzərdə tutulur. 14 dekabr tarixindən bugünədək 1497 nəfərin müsahibəsi yekunlaşıb. Fənlər üzrə müsahibədə iştirak edəcək namizədlərin ümumi sayı isə 2209 nəfərdir.
Qeyd edək ki, hazırda hərbi xidmətdə olduğundan onlayn müsahibə mərhələsində iştirak edə bilməyən şəxslər üçün növbəti müsahibələrdə yenidən müraciət etmək imkanı yaradılacaq.