Nazirlərin Keçikçidağ müzakirəsi – XİN açıqlama yaydı

0
488

Azərbaycan Xarici İşlər Nazirliyi nazir Elmar Məmmədyarovun BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində gürcüstanlı həmkarı David Zalkaliani ilə görüşü barədə məlumat yayıb.
Nazirlikdən Axar.az-a bildirilib ki, görüşdə nazirlər iki ölkə arasında mehriban qonşuluq şəraitində inkişaf etdirilən qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərinin məmnunluq doğurduğunu ifadə ediblər.
Nazirlər bölgədə sülh, təhlükəsizlik və dayanıqlı inkişafa ciddi hədə təşkil edən həlli uzadılmış münaqişələrin sülh yolu ilə həlli istiqamətində səylərin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Nazir David Zalkaliani Gürcüstanın Abxaziya və Tsxinvali/Cənubi Osetiya bölgələrindəki münaqişənin həlli üzrə aparılan danışıqlardakı vəziyyət barəsində məlumat verib. Öz növbəsində nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Nyu Yorkda ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Xarici İşlər nazirləri arasında keçirilən görüş barədə həmkarını məlumatlandırıb. Tərəflər münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri və dövlətlərin beynəlxalq tanınmış sərhədlərinə hörmət və ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini bir daha vurğulayıblar.
Nazirlər Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə müvafiq Dövlət komissiyalarının fəaliyyəti barədə fikir mübadiləsi aparıblar və dövlət sərhədinin delimitasiyasının qısa müddətdə yekunlaşmasında maraqlarını ifadə ediblər.
Tərəflər, həmçinin “Azərbaycan-Gürcüstan-Türkiyə” üçtərəfli platforması çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.