Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşları təlimə cəlb ediliblər

0
493

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin dövlət qulluqçusu olan 24 əməkdaşı “Dövlət qulluğunda etik davranış qaydaları” adlı təlimə cəlb edilib.

İki gün davam edən təlimin ilk günü “Dövlət qulluğunda etika” adlı mövzuya uyğun olaraq etik qaydalarla bağlı qanunvericilik, dövlət qulluqçularının qarşılaşa biləcəkləri etik dilemmalar, etik davranış qaydalarına dair müzakirələr məqsədilə qruplarla iş aparılıb və təlimin keyfiyyətinin qiymətləndirilməsi üçün anonim sorğu keçirilib.

Növbəti gün “Peşə etikası və etiket qaydaları” adlı mövzuya dair Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarovanın slaydların müşayiəti ilə çıxışı dinlənilib. Etiketin ümumi qaydaları, peşəkar davranış etiketinin ümumi müddəaları, kommunikasiya bacarıqlarının təkmilləşdirilməsi ilə əlaqədar tapşırıqlar verilib, mövzuların müzakirəsi aparılıb.

Sonra ekspert qismində Maliyyə Nazirliyi əməkdaşlarının mövzu ilə bağlı çıxışları dinlənilib. Bildirilib ki, dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkar səviyyədə yerinə yetirməyə borcludur. Dövlət qulluqçusu etik davranışı və öz peşəkar fəaliyyəti ilə vətəndaşların dövlət orqanlarına inamını artırmalı və möhkəmləndirməlidir.