Son illərdə ABŞ-da UFO-larla bağlı iddialara yenisi əlavə edilib.
NASA astronavtı Leroy Çiao Texas üzərində uçarkən iki metal kürə formalı UFO gördüyünü açıqlayıb.
2004-2005-ci illərdə Beynəlxalq Kosmik Stansiyaya 10-cu ekspedisiyanın komandiri vəzifəsini yerinə yetirən Leroy Çiao bu obyektlərin 9 min fut yüksəklikdə uçarkən onun təyyarəsinin sol tərəfindən keçdiyini bildirib.
O, obyektlərdən birinin digərinin üstündə uçduğunu və hər birinin diametrinin təxminən 90 sm olduğunu söyləyib:
“Az qala qəzaya uğrayacaqdılar, amma xoşbəxtlikdən heç nə olmadı. Onlar qəzaya uğrasaydı, nəticə pis ola bilərdi. Hadisə o qədər tez baş verdi ki, qorxmağa belə imkanım olmadı”.
Keçmiş astronavt eyni zamanda bunların ABŞ-ın gizli hərbi texnologiyası ola biləcəyini də ehtimal edir.