Narkotiklərin kədərli statistikası: Ən çox harada satılır? – RƏSMİ

0
274

Bakıda ən çox narkotik satılan rayonlar açıqlanıb.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının hesabatında qeyd edilib.

Belə ki, ötən il Bakıda narkotik vasitələrin dövriyyəsi ilə bağlı ən çox fakt Sabunçu rayonunda qeydə alınıb.

Bildirilib ki, 2021-ci il üzrə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı Sabunçu rayonunda 639 fakt, Suraxanı rayonunda 509 fakt, Binəqədi rayonunda isə 481 fakt qeydə alınıb.

Sabunçu rayonu üzrə 432, Binəqədi rayonu üzrə 336, Suraxanı rayonu üzrə 288 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Hesabatda bildirilib ki, Azərbaycanın şəhər və rayonlarında ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ən çox fakt Sumqayıtda qeydə alınıb.

2021-ci il üzrə qanunsuz narkotik dövriyyəsi ilə bağlı Sumqayıt şəhəri üzrə 587 fakt, Lənkəran üzrə 459 fakt qeydə alınıb.

Sumqayıtda ötən il 339 nəfər, Lənkəranda isə 443 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

2021-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 34602 nəfər təşkil edib.

Həmin şəxslərdən 27106 nəfəri dispanser, 7496 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 556 nəfəri qadındır. 24850 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 9752 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir.

2021-ci ildə müvafiq diaqnozla 5603 nəfər qeydiyyata götürülüb, 4789 nəfər isə qeydiyyatdan çıxarılıb.