Son günlər temperaturun həddindən artıq artması səbəbindən mütəxəssislər özəlliklə xroniki xəstəliyi olan şəxslərə xəbərdarlıq edirlər.
Türkiyəli həkim, ürək-damar cərrahiyyəsi mütəxəssisi Volkan Burak Taban bu şəxslərə bol su içməyi və saat 12.00-17.00 arasında küçəyə çıxmamağı tövsiyə edib.
O, xüsusilə ürək və təzyiq xəstələri və daha əvvəl ürək əməliyyatı keçirmiş xəstələrin çöldə çox vaxt keçirməmələri lazım olduğunu vurğulayıb.
“Havanın istiliyindən asılı olaraq təzyiqdə dalğalanmalar, azalmalar və artımlar ola bilər. Damar sağlamlığı baxımından bədənimiz çox isti şəraitdə tərləyir və bədəndə maye itkisi baş verir. Bədəndə maye itkisi səbəbindən damar daxilindəki mayenin həcmi azaldıqca damarın içi bəkməz kimi olur, onun yapışqan özlülüyü artır, xüsusilə bu aylarda laxtalanma çox yüksək görünür. Ona görə də xəstələrimizə bol maye qəbul etməyi tövsiyə edirik”, – deyə Burak Taban əlavə edib.