Müdafiə Sənayesi İdarəsinin rəhbəri: “Türkiyənin nəyi varsa, Azərbaycan da onlara sahibdir”

0
180

“Türkiyənin nəyi varsa, Azərbaycan da onlara sahibdir”.

Bunu İstanbulda keçirilən “SAHA EXPO 2022” müdafiə, aerokosmik və kosmik sənaye sərgisində ziyarət edən Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir bildirib.

Onun sözlərinə görə, sərgidə Türkiyənin müdafiə sənayesi potensialının nümayiş edilməsi və müxtəlif əməkdaşlıqların qurulması üçün lazımi mühit mövcuddur:

“Tədbir çərçivəsində həm yerli və milli istehsal nümunələri ilə tanışlıq olacaq, həm də dünyanın müxtəlif ölkələrindən gələn yüzlərlə şirkətlərlə yeni əlaqələr qurulacaq”.

İ.Dəmir iki ölkə arasında müdafiə sənayesi sahəsindəki əməkdaşlığa da toxunub:

“Bu gün azərbaycanlı qardaşlarımız da buradadırlar. İki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq uğurla davam etdirilir və daha da yüksək səviyyəyə çatdırılacaq. Azərbaycanla Türkiyə arasında da müdafiə sənayesi sahəsində yeni razılaşmaların əldə olunacağı qənaətindəyəm. Türkiyənin nəyi varsa, Azərbaycan da onlara sahibdir. Burada gördüyünüz nələr varsa, onlara Azərbaycan tərəfindən hansısa tələb, ehtiyac olduğu təqdirdə istənilən səviyyədə danışıqlar aparacağıq, bu məsələləri müzakirə edəcəyik”.

Qeyd edək ki, oktyabrın 25-də İstanbul şəhərində 876 şirkət və 24 universitetin iştirakı ilə “SAHA EXPO 2022” müdafiə, aerokosmik və kosmik sənaye sərgisi öz işinə başlayıb.

Azərbaycanın qonaq qismində milli stendi ilə qatıldığı tədbirdə ölkəni müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərliyi altında nümayəndə heyəti təmsil edir.