Molla rejiminin Firdovsidən gələn sərxoşluğu: Bağırdıqca cılızlaşan qorxaqlar və zavallı xəstələr…

0
160

Dünyada hər xalqın, hər dövlətin öz şanlı tarixi ilə öyünmək, iftixar etmək haqqı, sözsüz ki, var. Ancaq bu tarix yalan-yanlış yazılanda, başqalarının tarixinə əl uzadıb özününküləşdiriləndə və öz saxta həqiqətlərinin əsirinə çevriləndə artıq tarix həmin dövlətlərin bu gününə də öz mənfi təsirlərini göstərir.

İmperialist təfəkkür, böyüklük iddiası və “mənəm-mənəm”lik devizi müasir dünyada yalnız xaos və qarışıqlıqlara səbəb olur.

Yəqin ki, yuxarıda sadaladığım məqamlar sizə hansısa dövlətləri xatırladır. Məsələn, bizim regionumuz üçün özünü hələ də əsrlər əvvəlki dövrdə hiss edən və şişirdilmiş, saxtalaşdırılmış böyüklük iddiasında olan dövlət hansıdır desələr, düşünmədən İranın adını çəkmək olar. O İran ki, eramızın 2022-ci ilində hələ də imperialist təfəkkürlə idarə olunur, dünyada özünü müsəlmanlara hami zənn edir və nəhayət dünyanın bir çox yerlərində xaos və özbaşınalığın toxumlarını səpərək bəşər övladının gələcəyinə, mədəniyyətinə və tarixinə xəyanət edir.

Yaşadığımız coğrafiya o qədər zəngin tarixə malikdir ki, şübhəsiz, bu zənginlikdən İran da öz nəsibini mütləq alıb. Ancaq müasir İranın içi hava ilə dolu şişirdilmə obrazı hər dəfə gündəmə gələndə bu ölkəni idarə edən molla rejiminin tarixdən nə qədər xəbərsiz olduğu gün kimi aydın olur.

Əslində, İranın öz təsəvvüründə canlandırdığı həmin o “heybətli, kükrəyəndə dağları lərzəyə gətirən, qüdrətli şir” obrazının nə qədər cılız olması və həmin o şirin, əslində özünü nəhənglər aynasında görən balaca bir pişiyi xatırlatması danılmaz gerçəklikdir.

Ancaq həmin aynanın qarşısına keçib gördüyü mənzərədən feyzyab olan molla rejiminin riyakarlığı və böyüklük iddiasını görəndə hər zaman yarı rəvayət, yarı gerçək olan bir məsələni xatırlayırıq:

“Əmir Teymur İranı fəth etdiyi zaman “Şahnamə”də türkləri pisləyən Firdovsinin məzarına gəlir və məzarı ayağıyla vuraraq bu sözləri söyləyir:

“Ey Firdovsi, qalx, qalx da, hər sətrində pislədiyin məğlub türkü indi gör!

Qalx da küfr etdiyin, küçümsədiyin türkü gör!”

Bu rəvayətin həqiqət payı nə qədərdir bilinmir, ancaq əminliklə deyə biləcəyimiz bir şey var ki, İran bu coğrafiyanın tarixində heç zaman ən qüdrətli olmayıb, böyüklərin olmadığı vaxtlarda at oynatmağa cəhd isə heç kimə böyüklük gətirə bilməzdi…

İstər tarix, istərsə də müasir dövrü ilə böyüklüyü sadəcə süni bir görüntüdən ibarət olan İranı idarə edən molla rejimi isə xam xəyallar aləmindən çıxa bilmir. Görünür, molla rejiminin utopiyasının qarşısında duran ən böyük əngəl kimi Azərbaycan seçilib. Bu seçimdə elə Azərbaycan dövlətinin qüdrətinin, onun xalqının və tarixinin böyüklüyünün yaratdığı qorxu həlledici rol oynayıb.

Çünki qorxunun olmadığı bir mühitdə molla rejiminin rəsmi “İran” qəzetində yol verilmiş təxribatı başqa cür əsaslandırmaq mümkünsüzə çevrilir. Diqqət edin, İranın rəsmi “İran” qəzeti başdan sona təxribat xarakterli yazısında ölkəmizi “Bakı Respublikası” adlandıracaq qədər riyakar və həyasız xislətini ortaya qoyur. “Bakı Respublikası” ifadəsi molla rejiminin Azərbaycanın varlığından, tarixindən və qüdrətindən duyduğu sonsuz qorxu, özünün şişirdilmiş müqəvva obrazının cılızlığını dərk etməsinin yaratdığı psixoloji sarsıntının təzahürüdür.

Öz kölgəsindən belə qorxmağa başlayan molla rejiminin qəzeti sadəcə bu ifadə ilə də kifayətlənməyib, qardaşlıq münasibətlərini uca tutduğu, ilahiləşdirdiyi ermənilərə xas riyakarlıqla Azərbaycanı oğurluqda ittiham edib.

“İran” iddia edir ki, Azərbaycan “Zorxana” oyununu da onlardan oğurlayıb. Bununla yanaşı, çövkən oyununu, tarımızı, dahi Nizami Gəncəvini, xalçanı da guya onlardan oğurlamışıq.

Molla rejiminin hələ tarixi əsasları belə formalaşmadan Azərbaycan igidlərinin at üzərində oynadığı çövkəni, 2012-ci ildən bəri UNESCO-nun Bəşəriyyətin Toxunulmaz Mədəni İrsi Siyahısına daxil edilmiş Azərbaycan tarını, Gəncənin bəşər tarixi üçün böyüdüb boya-başa çatdırdığı, Azərbaycan şeirinin dahi Nizamisini, dünyanın ən məşhur muzeylərində nümayiş olunan, Azərbaycan xanımlarının göz nuru, əllərinin sehrli məhsulu olan xalçalarımızı, sən demə, molla rejimindən oğurlamışıq…  Bu yerdə deyiblər, oğru elə bağırdı, doğrunun bağrı yarıldı.

Amma bağırmaq təkcə oğruların deyil, həm də riyakarların, yalançıların və qorxaqların da işidir. Burada rəsmi “İran” qəzeti sadəcə sözügedən bağırtının carçısıdır, onun dili və çıxardığı səs, əslində, Azərbaycandan qorxanların, riyakar və yalançıların səsidir. O səs nə qədər ucadan çıxırsa, demək yalanın dozası, qorxunun şiddəti də o qədər böyükdür.

Əbəs yerə yazımıza tarixlə bağlı qeydlərlə başlamadıq. Bu gününün sabahını görə bilməyən molla rejimi öz təxribatlarına tarixi də alət etməyə can atır. Ancaq tarixdə Firdovsinin “Şahnamə”sinə cavab verən Teymur kimi molla rejiminin təxribatına da elə Azərbaycanın qüdrəti və əzəməti ən layiqli cavabı verir.

Molla rejimi yatıb yuxusunda tara, çövkən, xalçamıza, hətta “Zorxana”ya yiyə dura bilər, ancaq yuxudan gözünü bir balaca açan kimi həqiqətin sərt şilləsi ilə qarşılaşmağa mümkün olduğunu da yaxşı bilir.

Görünür, molla rejimi Firdovsinin “Şahnamə”sindən ilhamlanıb özünün müasir “mollanamə”sini yazıb, yaradıb və həmin xülyalar aləmində də mövcudluğunu davam etdirmək niyyətindədir. Burada da yeganə günahkar yəqin ki, Firdovsi özüdür. Çünki molla rejimi ortaya qoyduğu riyakarlıqla çətin ki, öz gözündəki tiri görsün, elə Firdovsi müqəssirliyə ən uyğun namizəddir.

Molla rejiminin qorxularında, uğursuzluğunda, aciz durumunda hər bir şeydə günahkar Firdovsidir. İranda imperialist qüvvələr xaosa səbəb olursa, molla rejimi bütün bəşəriyyətə xəyanət edib öz maraqlarını üstün tutursa, öz tarixini düzgün qiymətləndirə bilmirsə, şişirdilmə müqəvvanın nəhəngliyinə aldanırsa, başqalarının dəyərlərinə, mədəniyyətinə əl uzadırsa, günahkar, sözsüz ki, Firdovsidir. “İran”ın dərc etdiyi məqalənin üslubu, dili və məntiqi də “Şahnamə”nin əsrlər əvvəl bəxş etdiyi sərxoşluğun ağır fəsadıdır…

Molla rejimi özünü böyük görə, hər şeyə haqqı çatdığını düşünə bilər, mifik tarixə istinadla öz “qüdrət”indən qürrələnə bilər. Bu imperializm infeksiyasına yoluxmuş zavallı xəstələrin haqqıdır.

Ancaq Azərbaycan dövlətinin və onun xalqının qüdrətli görünməsi üçün nə “Şahnamə”yə, nə “mollanamə”yə, nə də kimisə oğurluqda ittiham etməyə, öz qonşusunu “Tehran Respublikası” adlandırmağa ehtiyacı yoxdur.

Tarixi saxtalaşdırmaq olar, ancaq saxtalıqları tarixə çevirmək heç zaman mümkün deyil. Rəsmi “İran” qəzeti Herodot deyil, o “Tarix” yaza bilməz, ancaq tarix özü mütləq bu riyakarlıqdan yazacaq. Azərbaycan Respublikası tarixdə özünə əbədi yer tapacaq, riyakarlar və qorxaqlar isə “mollanamə”yə çevrilib hansısa zibil qutusuna atılacaq…