Minatəmizləmə işi bitdi: Ermənistan bu kəndin qaytarılmasına hazırlaşır

0
14

Ermənistanın Tavuş vilayətinin sərhəddəki yaşayış məntəqələrində demarkasiya prosesi ilə bağlı qeyri-müəyyənlik davam edir. Erməni sakinlər demarkasiya prosesinin hər an başlaya biləcəyini və müəyyən ərazilərin Azərbaycanın nəzarətinə keçəcəyini müzakirə edirlər.

Voskepar (Əskipara) sakini Mihran Maxsudyan Ermənistan mediasına açıqlamasında minatəmizləmə işlərinin başa çatdığını bildirib.

Lakin o, heç bir erməni məmurun kəndə gəlib sakinlərlə görüşmədiyini deyib.

“Ola bilsin ki, hakimiyyət sərhədin müəyyənləşdirilməsi ilə bağlı sakinlərin əhval-ruhiyyəsini yoxlamağa, əvvəlki demarkasiyaya qarşı çıxanları nəzarətə götürməyə, prosesin ictimai rəydə qəbul edilməsinə nail olmağa hazırlaşır. Minatəmizləmə işi bitib, amma hələ proses başlamayıb”, – o deyib.

Kirant kəndinin sakini Andranik Nazaryan da bildirir ki, onların kəndində də hələ sakitlikdir, amma hər kəs prosesin tezliklə başlayacağını gözləyir.

Tavuş vilayətinin sakini Karen Qazaryan daha öncə erməni KİV-lərinə açıqlamasında bildirmişdi ki, demarkasiya prosesində Yuxarı Əskipara (Qazaxın anklav olan üç kəndindən biri) kəndinin Azərbaycana qaytarılması planlaşdırılır. Ermənilər bildirir ki, bu baş verərsə, Voskepar kəndi və Lori bölgəsinin yuxarı hissəsi sərhəd olacaq, eyni zamanda, Açarkut kəndi üç tərəfdən sərhəd bölgəsinə çevriləcək.