Milli Qəhrəmanın Zəngilan arzuları – VİDEO

0
326

Bir qəhrəmanın həyat hekayəsini vərəqləyəcəyik bu gün. Sizli, bizli onu yaxından tanımaq üçün keçdiyi ömür yoluna yenidən boylanacağıq.

O, Azərbaycanın Milli Qəhrəmanıdır. Sağlamlığını 1992-ci ildə Zəngilan uğrunda gedən döyüşlərdə itirib. “Zəngilan mənim qürurumdur” deyən Sahil Məmmədovun sözlərinə görə 28 ildir, gözü yolda, qulağı səsdədir. Deyir ki, işğaldan azad olan torpaqlarımızın adını eşitdikcə ağrılarını, ayağının yoxluğunu belə unudur:

“İndi çox yaxşıyam. Bu müsahibəm digərlərindən də çox fərqlidir. 29 oktyabr 1993-cü ildə Zəngilan rayonu işğal olunub. Mən tabor komandiri kimi, Zəngilan döyüşlərinin iştirakçısıyam. 1992-ci ilin iyunun 1-də ağır yaralanmışam. Ağkənd, Dərəli, Qazançı kəndləri uğrunda gedən qızğın döyüşlərin iştirakçısı olmuşam. Yaralandım, işğal xəbərini eşidəndə müalicə alırdım. Bu günə kimi məyus yaşayırdım. Amma hörmətli Prezidentimiz, cənab Ali Baş Komandanımız tək mənə yox, zəngilanlılara yox, dünya azərbaycanlılarına çox xoş bir xəbər çatdırdı. Dedi ki, Zəngilanın bir neçə kəndi və Zəngilan şəhəri işğaldan azad olundu. Bu xəbər bizim hamımıza böyük sevinc hissi yaşatdı”.

Qəhrəmanımız Sahil Məmmədov yaşadığı qürur hissini anlatmağa çətinlik çəkdiyini dilə gətirir:

“Gəncliyimizdən üzü bu yana yaşadığım sevinc hissinin ən böyüyü idi Zəngilan. Sağlamlığım da vətənimə qurbandır, canım da, qanım da! İşğaldan azad olan torpaqlarımız hər şeyi unutdurur insana. Canımın ağrılarını da, əzabları da, xəstəliyi də. Elə bilirəm, mənə yeni həyat bəxş olunub. Əsgərlərim indi də döyüş bölgəsindədir, döyüşçü yoldaşlarımla danışıram. Dünəndən telefonum susmaq nədir bilmir. Kimisi ağlayır sevincindən, kimi gülür. Mənim özümü də ağlatdılar”.

Milli Qəhrəmanımız Azərbaycan ordusunun hazırkı döyüş taktikası ilə bağlı fikirlərini də sevinc hissi ilə bölüşür:

“1992-ci ildə silahımız, təchizatımız az idi. Ordumuz formalaşmamışdı. Özünümüdafiə dəstələri çox idi. Düzdür, hərbi birləşmələr də var idi, amma hazırlıqsız idik. Bütün peşəkar hərbçilər də , elə mən də deyirəm ki, hazır deyildik. Şükür olsun bu günə. Bu gün Azərbaycanın güclü ordusu var. Bütün bunlar da Ali Baş Komandanımızın səyi nəticəsində yaranıb”.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə döyüşlərə göstərdiyi şücaətinə görə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülən Sahil Məmmədov ömür yolunun unudulmaz günlərini belə xatırlayır:

“1992-ci ildə Qazançı kəndinə gələndə gördüm ki, kəndin bir qismi səngərin ön tərəfindədir. Soruşdum ki, öndəki hissə haranın torpağıdır? Dedilər Qazançı kəndinin bir hissəsidir. Dedim, onda niyə ikiyə bölünüb? Dedilər, belə lazımdır… Mən razılaşmadım. Gecə ilə əsgərlərimizi irəli çəkməyə nail olduq, səngərlərimizi qazıb, döyüş hazırlığımızı gördük. Erməni kəndinə gedən, lakin Qazançı ərazisindən keçən yolu bağladıq, minaladıq və ermənilərin yolunu kəsdik. Bundan sonra isə ağır günlərimiz başladı”.

42 nəfər əsgəri olan Sahil Məmmədov gecə altı əsgərlə düşmən tərəfə kəşfiyyata gedir. Azərbaycan əsgərləri ikiyə bölünmüş ərazilərimizi birləşdirməyə nail olur. Beləliklə, bir neçə yüksəkliyi hələ 1992-ci ildə geri qaytarırlar. Qazançı yüksəkliyi uğrunda qəhrəmancasına döyüşən hərbçilərimiz erməniləri geri oturda bilir. Ən maraqlısı isə…

“Bu gün alnıaçıq, üzüağ deyə bilərəm ki, döyüşlərdə olduğum müddətdə heç bir əsgərim ölmədi. Yaralandıq, amma müdafiə edə bildik. Zakif Abbasov adlı serjantım yaralanmışdı. Şükürlər olsun ki, yaxşıdır, əlaqəmiz bu gün də var. Zəngilanın komendaturasına ancaq erməni meyitləri verirdik”.

Uşaq yaşlarından hərbçi olmaq arzusunda olub. Sankt-Peterburqda SSRİ DİN-nin Ali Siyasi Məktəbinin məzunudur. Dörd il Ukrayna Respublikasının Çerniqov, sonra isə Kiyev şəhərində Daxili Qoşun Hərbi Birləşmələrinin tərkibində rota komandirinin siyasi işlər üzrə müavini vəzifəsində çalışıb. Nəhayət, 1991-ci ilin oktyabr ayında Sovet Ordusundan tərxis olunub, vətənə dönüb.

Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlar İdarəsinin hərbi polis alayında rota komandirinin müavini kimi fəaliyyətə başlayıb.

1992-ci ildən Dağlıq Qarabağ münaqişəsi başlayanda könüllü olaraq döyüş bölgəsinə yollanıb. Döyüş yolu barədə saatlarla danışmaq istədiyini desə də, susur… Çöhrəsində gülüş olmasına baxmayaraq, qəhərlənir… Deyir, bütöv qələbədən sonra danışacağam. Hazırda təqaüddədir.

Ən böyük arzusu Zəngilana çatmaqdır. Deyir ki, mən orada bütövlüyümə qovuşacağam.