Millət vəkilindən HƏYƏCAN TƏBİLİ: “İnsanları maskasız gəzməyə sövq edənlərə qarşı tədbir görülməlidir”

0
451

Son günlər sosial şəbəkədə bəzi insanlar əhalini ictimai yerlərdə tibbi maskalardan istifadə etməməyə səsləyən paylaşımlar edirlər.

Bu çağırışların kor təbii şəkildə, koronavirus infeksiyasının nə dərəcədə təhlükəli ola biləcəyini dərk etmədən digərləri tərəfindən də paylaşılması cəmiyyətdə çaşqınlıq yaradır.

Belə ki, koronavirusun yenidən geniş yayıldığı bir zamanda belə bir paylaşımlar yalnız insanların sağlamlığını təhlükəyə atır.

Bu istiqamətdə Milli Məclisin deputatı Musa Quliyevin fikirlərini bildirib.

O bildirib ki, bu çox təhlükəli kampaniyadır:

“Bunu kim və haradan yayır, hansı məqsədlə edir bilmirəm. Amma tibbi maskalardan istifadə etməməyə çağırışlar insanlara ziyan gətirər nəinki xeyir. Xüsusilə də koronavirus infeksiyasının yeni ştammının ölkəmizdə yayıldığı bir zamanda tibbi maska olmadan ictimai yerlərdə gəzmək sağlamlığa ciddi təhlükədir. Ölkəmizdə yoluxma sayının 3 minə yaxınlaşdığı, ölüm faktlarının da artığı bir dönəmdə əhali arasında belə bir kampaniya aparmaq düşmənçilikdir. Bu kampaniyanı başladan, davam etdirən şəxslər müəyyən olunmalı və hüquq-mühafizə orqanları tərəfindən qanunvericiliyin normaları çərçivəsində ciddi tədbirlər görülməlidir”.

M.Quliyev onu da əlavə edib ki, gənc və məlumatsız insanların bu kampaniyaya kor təbii şəkildə qoşulması daha da təhlükəli vəziyyət yaradır:

“Bəziləri bilə-bilə, bəziləri isə bilmədən bu təbliğata qoşulur. Bu zərərli kampaniyanın bir hissəsi olmaq lazım deyil. Bu çox zərərli kampaniyaya qarşı insanları ayıq-sayıq olmağa səsləyirəm. Buna qoşulmaq olmaz”.