Metyu Brayza: “Azərbaycan və Ermənistan XİN başçılarının ABŞ-də görüşməsi müsbət əlamətdir”

0
160

“ABŞ-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün keçirilməsi faktının özü çox müsbət əlamətdir”.

Bunu beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

Onun sözlərinə görə, ABŞ Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması və mümkün sülh müqaviləsinin imzalanmasında obyektiv vasitəçidir, vasitəçiliyi bu gün müharibə aparan Rusiyaya və ya tərəflərdən birini açıq şəkildə dəstəkləyən Fransaya həvalə etmək olmaz.

Brayza qeyd edib ki, hər iki ölkənin hökumətləri sülhə tərəfdardır, lakin rəsmi Bakı ilə İrəvanın münasibətlərinin qurulmasına mane olan başqa amillər də var:

“Baş nazir Paşinyanın müxalifətlə problemləri var. Azərbaycan ilə sülh yaratmaq istəyinə görə müxalifət onu satqın adlandırır. Bundan əlavə, Ermənistanda və xaricdəki erməni diasporunda münaqişənin davam etdirilməsində maraqlı olan insanlar var, çünki onlar bu münaqişədən pul qazanırlar. Onlar Azərbaycan və Türkiyə təhlükəsini bəhanə edərək, yaxud digər oxşar arqumentlər gətirərək diaspordan pul yığırlar”.

Bununla belə, Brayzanın fikrincə, bu sözlərə inananların sayı getdikdə azalmaqdadır. Çünki İkinci Qarabağ müharibəsindən sonra insanlar “böyük” ölkə və məğlubedilməz Ermənistan ordusu haqqında əfsanələrin yalan olduğunu başa düşdülər.

Xatırladaq ki, 2023-cü il mayın 1-4-də ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan arasında danışıqlar aparılıb.