Makronun maniakal “erməni sevgisi” Fransaya necə zərbələr vurur?

0
9

Fransada həqiqətən də paradoksal bir vəziyyət yaranıb. Bu ölkə prezidentinin ritorikasına baxsaq, elə təəssürat yaranır ki, Parisin bütün problemlərinin kökü, səbəbi və habelə, çarəsi Bakıdadır.

Fransa prezidenti Emmanuel Makronun ifrat ermpənirərəst, Azərbaycana az qala zooloji antipatiya (“nifrət” kəlməsinin yumşaq halını yazırıq) bəsləməsi, Parisin İrəvanı az qala bütün sahələrdə və müstəvilərdə kor-koranə dəstəkləməsi təbii ki, Bakı ilə münasibətlərə mənfi təsirini göstərib.

Belədirsə, ilk baxışdan sadə təsir bağışlayan sual yaranır: Fransa-Azərbaycan əlaqələri ilə münasibətləri niyə bu qədər aşağı səviyyəyə düşdü? Böhranın son həddinə çatmışıqmı, yoxsa qarşıda yeni gərginlik mərhələləri var?

Münasibətlərdəki gərginliyin əsas səbəblərindən biri Fransa prezidentinin şəxsi ambisiyaları və refleksiyalarıdır. Bəzən Fransanın Azərbaycana qarşı mövqeyindən hansı real fayda əldə etmək istədiyini başa düşmək çətin olur. Amma açıq-aydın görünür ki, islamofobiya, ksenofobiya və erməni lobbisinin təsiri bu siyasətin formalaşmasında mühim rol oynayır.

Fransız siyasətçiləri erməni icmalarının dəstəyini qazanmağa çalışırlar. Bu dəstək onlara həm qısa, həm də uzunmüddətli perspektivdə mühim siyasi resurs kimi xidmət edə bilər.

Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında olduğu onillərdə Fransanın iqtidardakı və müxalifətdəki siyasətçilərinin terrorçu-separatçı xuntanın mövcud olduğu Xankəndiyə mütəmadi səfərlərini xatırlayaq.

Həmin siyasətçilər “erməni maraqlarına yaxınlığı” nümayiş etdirməyə çalışırdılar.

Bu kontekstdə Fransa rəhbərliyinin siyasi yetkinlikdən uzaq olması xüsusi qeyd olunmalıdır. Əgər Emmanuel Makronun sələfləri – Jak Şirak, Nikola Sarkozi, Fransua Olland – dövlət strukturlarında zəngin təcrübəyə malik olub strateji və balanslı siyasət yürüdə bilirdilərsə, Makronun öz rolunu şişirtməsi və ölkəni öz şəxsi kimliyi ilə eyniləşdirməsi idarəçilikdə böhranlara gətirib çıxarır.

Azərbaycan əslində, Fransa üçün mühim bir daxili siyasi gündəm mövzusuna çevrilib. Fransız siyasətçilərinin Azərbaycana qarşı bəyanat və hərəkətləri müxtəlif siyasi düşərgələri birləşdirən bir konsensus yaradıb. Bu, xüsusilə 2020-ci il 44 günlük Qarabağ Müharibəsi əsnasında özünü göstərdi. Həmin dövrdə Fransa prezidenti dəfələrlə Azərbaycanın azadlıq mübarizəsini dayandırmağa çalışdı. Müharibədən sonra isə Paris “Dağlıq Qarabağ”ı tanımaqla hədələyirdi. Buna cavab olaraq, Bakı qəti şəkildə bildirdi ki, belə bir tanınma Azərbaycanla diplomatik əlaqələrin qırılması ilə nəticələnəcək. Bu qərarlı mövqe mövzunu gündəmdən çıxardı.

Xatırladaq ki, Azərbaycan-Fransa münasibətləri tarixən həm yüksəlişlər, həm də enişlər yaşayıb. Hazırkı Fransız hakimiyyətindən əvvəlki dövrdə ölkələr arasında sıx və məhsuldar əməkdaşlıq mövcud idi: siyasi, iqtisadi və mədəni əlaqələr aktiv şəkildə inkişaf edirdi, çoxsaylı tədbirlər keçirilirdi. Fransanın 13 şəhəri Azərbaycan şəhərləri ilə qardaşlaşmışdı. Fəqət Emmanuel Makron və onun dəstəsi bu möhkəm təməli dağıdıb.

Azərbaycan Prezidenti İlham Əliyev dünən yerli televiziya kanallarına verdiyi müsahibəsində belə dedi: “Bir çoxları və zənnimcə, hakim zümrənin rəhbərləri 2020-ci ildə bizim Qələbəmizi özlərinin məğlubiyyəti kimi qəbul etdilər. Hərçənd belə düşünmək üçün heç bir əsas yox idi. Amma nədənsə, siz də dediyiniz kimi, bunu məhz belə şəxsi planda qəbul edirdilər. Mən bunu həm də fransız nümayəndələri ilə öz ünsiyyət təcrübəm əsasında deyirəm. Halbuki mən həmişə onlara izah etməyə çalışırdım ki, bunun sizinlə heç bir əlaqəsi yoxdur. Biz prinsip etibarilə sizə qarşı deyilik və heç bir şey etməmişik. Siz bizim üzərimizə gəldiniz. 44 günlük müharibə zamanı xatırlamıram ki, neçə dəfə – altı və ya yeddi dəfə azadlıq mübarizəmizi dayandırmaq cəhdləri ilə bağlı Fransa prezidentindən mənə zənglər daxil olurdu. Sonra təhdid cəhdləri, “Dağlıq Qarabağ”ı tanımaqla bağlı təhdidlər. Münasibətlərimizin artıq ən aşağı səviyyəyə düşdüyü indiki məqamda bu barədə deyə bilərəm, amma mən cavab verdim ki, 2020-ci ilin noyabrından sonra qondarma “Dağlıq Qarabağ”ı tanıyan istənilən ölkə bizdən diplomatik münasibətlərin kəsilməsinə dair nota alacaq. Mənim cavabım məhz bundan ibarət idi. Qondarma “Dağlıq Qarabağ”ın tanınması mövzusu dərhal gündəlikdən çıxdı. Onlar, necə deyərlər, başqa yolla getdilər, senat, parlament üzərindən tanıdılar, sonra uzun müddət özlərinə bəraət qazandırdılar ki, hakimiyyətin bununla heç bir əlaqəsi yoxdur. Ümumilikdə, necə deyərlər, köhnə tarixçədir. Ona görə də ikinci – şəxsi amil ola bilər, hərçənd mənim siyasətdə heç vaxt rəğbət və ya qeyri-rəğbətim olmayıb. Mən düşündüklərimi həmişə özümdə saxlamışam və heç vaxt mənfi münasibətimi ona layiq olanlara göstərmək istəməmişəm. Zənnimcə, burada daha bir amil fransız rəhbərliyinin siyasi cəhətdən səriştəsiz olmasıdır”.

Mövcud böhrana baxmayaraq, Azərbaycan dialoqa hazır olduğunu dəfələrlə bəyan edib. Son aylarda Fransa hökumətinin nümayəndələri üç-dörd dəfə əlaqələrin qurulması ilə bağlı təkliflər irəli sürüblər. Bakının cavabı dəyişməz olub: biz danışıqlara hazırıq, lakin yalnız öz ərazimizdə. Hər dəfə razılıq verdikdən sonra isə Paris tərəfinin səssiz qalması Fransız diplomatiyasının strateji yanaşmadan məhrum olduğunu göstərir.

Azərbaycan-Fransa münasibətlərinin dərin böhran içində olduğu danılmazdır. Lakin Azərbaycan bu əlaqələrin bərpasına maneə yaratmır. Əksinə, dialoq üçün qapılar açıqdır. Bununla belə, Fransa öz yanaşmasını yenidən nəzərdən keçirməli və qərəzsiz tərəfdaş mövqeyi sərgiləməlidir. Azərbaycanın mövqeyi aydındır: hər hansı danışıqlar yalnız Bakıda aparılacaq və tərəflər arasında qarşılıqlı hörmət prinsipi əsas götürüləcəkdir.

Bu günlərdə Fransanın diplomatik kanallarından yenidən Azərbaycana müraciət daxil oldu – məsələlərin müzakirəsi ilə bağlı təklif irəli sürüldü.

Rəsmi Bakının cavabı dəyişməz idi: “Biz hazırıq”.

Azərbaycanın Fransaya qarşı hər hansı iddiası yoxdur, amma mövqeyimiz qətidir: bizi narahat etməsinlər və Cənubi Qafqazın işlərinə qarışmasınlar. Bu, rəsmi Bakının prinsipial mövqeyidir və onu aydın şəkildə bəyan edir. Fransa isə region işlərinə müdaxilə edərək hər dəfə uğursuzluğa düçar olur. Bunun çoxlu sübutları var: Afrikada yaşadığı iflas artıq bütün dünyaya məlumdur, eyni ssenari Cənubi Qafqazda da təkrarlanır.

Bu gün Fransanın Azərbaycandakı mövcudluğu demək olar ki, sıfıra enib. Bunun istisnası yalnız uzunmüddətli müqavilələr əsasında fəaliyyət göstərən bir neçə şirkətdir. Bakı öhdəliklərinə həmişə sadiqdir və siyasəti biznesə qarışdırmır. Fransız şirkətlərinin öz hökumətlərinin siyasətinə görə məsuliyyət daşımadığını başa düşürük və onların hüquqlarına hörmət edirik.

Gürcüstanda sabitliyi pozmağa yönəlmiş təxribat cəhdləri artıq açıq şəkildə və diplomatiyadan uzaq formada aparılır. Bu, Fransa kimi zəngin diplomatik ənənələri olan bir ölkə üçün qeyri-adi haldır. Ermənistan üzərində tam nəzarət isə başqa bir gerçəklikdir, lakin bu nəzarət Fransaya uzunmüddətli dividendlər gətirməyəcək.

Fransanın siyasi arenası isə rəhbərliyinin qeyri-adekvat yanaşmalarını açıq şəkildə nümayiş etdirir. Dünən prezident Emmanuel Makronun Azərbaycana qarşı səsləndirdiyi əsassız ittihamlar onun Azərbaycanla bağlı “manyak” münasibətinin növbəti sübutudur. Elə təəssürat yaranır ki, Makron Azərbaycanın adını çəkmədən siyasi səhnədə var ola bilmir. Əgər biz, Makronun fikrincə, Fransanın daxili işlərinə təsir edəcək qədər güclüyüksə, bu, ittiham yox, qürur mənbəyi olmalıdır.

Ancaq belə bəyanatlar Fransanın rəhbərliyinin acizliyini bir daha vurğulayır. Özünü “böyük” adlandıran bir ölkə, onun prezidentinin fikrincə, uzaq bir regionda – Cənubi Qafqazda yerləşən, 10 milyonluq əhalisi olan bir ölkənin təsiri altındadır. Halbuki Azərbaycan nə zamansa Fransanın daxili işlərinə müdaxilə etməyib və etmək niyyətində də deyil. Bu, tamamilə Makronun səhv və qeyri-adekvat siyasətinin nəticəsidir.

Regionda Fransanın ən yaxın müttəfiqi olan Ermənistan bu vəziyyətə ciddi yanaşmalıdır. Dünya dəyişir və “sorosçular” dövrü başa çatır. ABŞ-də Sorosun ruhunda idarə edilən siyasət artıq arxa plana keçir. Bayden administrasiyasının Soroşa ABŞ-nin ən yüksək mükafatını təqdim etməsi isə bu epoxanın yaxınlaşan sonunu vurğulayır.

Ermənistanın həmçinin, Yaxın Şərqdəki diktatura rejimlərinin aqibətini nəzərə alması vacibdir. Onun müttəfiqi olan Suriya lideri Bəşər Əsəd rejimi tarix səhnəsindən silinmək üzrədir və bu proses davam edəcək. Bu şərtlərdə Ermənistan doğru seçim etməlidir. Azərbaycan heç vaxt onun üçün təhlükə mənbəyi olmayıb. Biz Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq istəyirik. Bununla belə, öz milli maraqlarımıza qarşı maneələri qəbul etməyəcəyimizi də aydın şəkildə bildiririk.

Emmanuel Makronun daha bir “diqqət obyekti” olan Zəngəzur dəhlizinə gəldikdə isə o, mütləq açılmalıdır və açılacaq da.

Ermənistan bunu nə qədər tez başa düşsə, hamı üçün bir o qədər yaxşı olar. Bu, kiminsə istək və arzularına bağlı məsələ deyil, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda açıq şəkildə qeyd olunan öhdəliklərin yerinə yetirilməsidir. Artıq dörd ildən çoxdur ki, Azərbaycan bu məsələnin danışıqlar yolu ilə həll olunmasını gözləyir. Amma daha nə qədər gözləməliyik? Niyə biz Naxçıvana Azərbaycanın ayrılmaz tərkib hissəsinə, dolayısıyla getməliyik?

Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın əsas hissələri arasında birbaşa əlaqənin yaradılması Ermənistanın suverenliyinə heç bir zərbə vurmur. Biz yalnız razılaşmaların yerinə yetirilməsini tələb edirik. Ermənistanın bu məsələni görməzdən gəlmək hüququ yoxdur. Səbirli olsaq da, bu səbrin də sərhədləri var. Artıq aydın şəkildə bildirmişik ki, Ermənistan bizi təhrik etməməlidir. Regionda əsas söz sahibi Azərbaycanın olduğunu dərk etməlidirlər.

Ermənistanın hazırda apardığı silahlanma siyasəti bölgədə sabitlik üçün yeni təhdid yaradır. Azərbaycan isə yenə də müşahidəçi qalmayacaq. Biz Ermənistan rəhbərliyini dəfələrlə xəbərdar etmişik ki, bu siyasət yeni gərginliklərə səbəb ola bilər. Bu gün Azərbaycanın dövlət büdcəsinin böyük bir hissəsi təhlükəsizlik və hərbi xərclərə yönəldilib. 2024-cü il üçün büdcədən 8,4 milyard manat bu sahəyə ayrılıb.

Azərbaycan hər zaman sülh istəyib və istəyir. Amma bu sülh ədalət və beynəlxalq öhdəliklərə hörmət üzərində qurulmalıdır. Ermənistan bu reallıqları qəbul etməli və səhvlərini düzəltməlidir. Əks halda, onun üçün nəticələr ağır ola bilər. Cənubi Qafqaz sülh və sabitlik regionu olmalı, münaqişələr və təxribatların meydanı olmamalıdır.

Regionda silahlanma yarışını Ermənistan yox, onun himayədarları qızışdırır. Ermənistan bir çox silah növlərini ya pulsuz, ya da sonradan silinən kreditlər vasitəsilə alır. Xüsusilə, Avropa İttifaqının “Sülh Fondu” adı altında fəaliyyət göstərən mexanizm faktiki olaraq silahlanmanın maliyyələşdirilməsinə xidmət edir. Bu fondun əsl məqsədi sülhü təmin etmək olsa da, resursları münaqişə alovlandırmaq üçün istifadə olunur.

Bundan əlavə, ötən ilin aprelində yaradılan Ermənistan, ABŞ və Avropa İttifaqı arasında üçtərəfli əməkdaşlıq platforması da ciddi narahatlıq doğurur. Baxmayaraq ki, formal olaraq bu platformadan hərbi komponent çıxarılıb, əslində onun təsiri hələ də mövcuddur. Bu yanaşma ABŞ və Avropa Komissiyasını Azərbaycan və Ermənistan arasında normallaşma prosesində ədalətli vasitəçi rolundan uzaqlaşdırır.

Azərbaycan sülhə can atır və müharibə səhifəsini çevirmək istəyir. Lakin Ermənistan və onun himayədarları revanşist əhval-ruhiyyəni üstün tuturlar. Ermənistan hələ də region üçün təhlükə mənbəyidir. Onun tarixən faşizm ideologiyasına əsaslanan siyasəti ölkənin ilk üç liderinin fəaliyyətində öz əksini tapmışdır. Bu liderlər etnik təmizləmələri və millətçiliyi açıq şəkildə təbliğ etmişdilər.

Faşizm ideologiyası bu gün Ermənistan cəmiyyətində, həm müxalifətdə, həm də hakimiyyətdə yaşamağa davam edir. Bu təhdidi görməzlikdən gəlmək mümkün deyil. Faşizm məhv edilməlidir. Əgər bunu Ermənistan rəhbərliyi etməsə, Azərbaycan bu məsələyə müdaxilə etmək məcburiyyətində qalacaq.

Ermənistan dərhal silahlanmanı dayandırmalıdır. Fransadan və digər ölkələrdən silah tədarükü dayandırılmalı, artıq alınmış silahlar geri qaytarılmalıdır. Bu, Azərbaycanın əsas şərtidir və onun yerinə yetirilməsi regionda sülhün təmin edilməsi üçün zəruridir. Azərbaycanın sülh müqaviləsi ilə bağlı tələbləri isə həm aydın, həm də ədalətlidir: Minsk qrupunun ləğvi, Ermənistanın konstitusiyasında dəyişikliklərin edilməsi və regionda sabitliyin real şəkildə təmin olunması.

Əgər Ermənistan sülh müqaviləsini imzalamağa hazır deyilsə, Azərbaycan bu sənədsiz də öz siyasətini davam etdirə bilər. Rəsmi İrəvan dəyişən geosiyasi reallıqları nəzərə almalıdır. Onun yaxın müttəfiqləri, o cümlədən Kanadanın baş naziri Castin Trüdonun rəhbərlik etdiyi hökumət və Fransa dünya səhnəsində mövqelərini ardıcıl şəkildə itirirlər.

Azərbaycan sülhə hazırdır, lakin bu sülh ədalətə, beynəlxalq hüquqa və öhdəliklərə hörmət əsasında qurulmalıdır.

Rəsmi Bakı Ermənistan və onun himayədarlarından gələn yeni təhdidləri qəbul etməyəcək. Cənubi Qafqaz sabitliyin olduğu bir region olmalı, təxribatlar və silahlı münaqişələr meydanı olmamalıdır. Ermənistan keçmişdəki faciəli səhvlərin təkrarlanmasının qarşısını almaq üçün doğru seçim etməlidir.

Azərbaycan Cənubi Qafqazın iqtisadi, hərbi və siyasi baxımdan lider dövləti olaraq qalır. Müasir dünyada güc həlledici rol oynayır və bunu unutmaq olmaz.

Ölkəmiz sülh istəyir, lakin bu sülh yalnız beynəlxalq öhdəliklərə hörmət və ədalət üzərində qurula bilər. Milli maraqlarımıza mane olmaq cəhdləri uğursuzluğa məhkumdur. Ermənistan bu reallıqları qəbul etməli və əməkdaşlıq yolunu seçməlidir.

Azərbaycan əməkdaşlığa açıqdır, lakin yalnız bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan şərtlərlə.

Bakının tələbi dəyişməzdir: Fransa Cənubi Qafqaz işlərinə müdaxilədən və intriqalardan əl çəkməlidir. Belə siyasət Fransanın beynəlxalq nüfuzuna zərbə vurur.

Fransa Azərbaycanın suverenliyinə hörmət etməklə, təxribatlara son qoymalıdır. Onun regiona müdaxiləsi, Afrikada yaşadığı uğursuzluqlar kimi, onu yalnız beynəlxalq səhnədə nüfuzdan salır. Azərbaycan-Fransa münasibətlərinin gələcəyi Parisin bu reallıqları qəbul edərək konstruktiv dialoqa hazır olub-olmamasından asılıdır. Azərbaycan əməkdaşlığa hazırdır, lakin yalnız bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan şərtlərlə.

Bu qədər sadə…