“Azərbaycanda insan alverinə qarşı mübarizədə DİN tərəfindən çox ciddi intensiv fəaliyyət həyata keçirilir”.
Aztimes.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nın müzakirəsində deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, insan alveri ilə bağlı sahə artıq kibercinayətkarlıq səviyyəsində artıb, buna nəzarət mexanizmi də xeyli çətinləşib: “Hesab edirəm ki, Azərbaycanda əsasən bunun öhdəsindən gəlinə bilir”.
Komitə sədri qeyd edib ki, dövlətin nəzarətindən kənarda harda dini təhsilə cəlb edilən insanlar varsa, bu da insan alveri kimi qiymətləndirilməlidir: “İnanclarına görə insanlar dini təhsil ala bilər, amma bunu mütləq dövlətin nəzarəti altında olan müəssisələrdə edə bilər. Qanunvericilikdə bununla bağlı dəyişiklik edilməlidir, bunun üçün müraciət olunsa, bu cür cinayətlər də insan alveri kimi qiymətləndirməlidir”.
Deputat həmçinin deyib ki, Azərbaycanda məktəblərdə buraxılış sinifləri aprel, may aylarından imtahanları verib bitirib: “Amma biz dərsi iyunun 15-nə kimi uzatmışıq. Kim bundan sonra dərsə gedər? Uşaqları xaricdə təhsilə, xaricdə dini təhsilə yönəltməmək üçün bu məsələlərə diqqət etməliyik”.