Liberal şiəizm- Azərbaycanın yeni milli ideologiyası…

0
169


İlahiyyat traktat – l
Nə qədər dini Azərbaycan cəmiyyətində gözdən salsalar da, əslində, dünyanın inkişaf etmiş əksər dövlətlərində din rəsmi səviyyədə ideoloji rolunu oynayır: lüteranlıq Almaniyanı, protestantlıq İngiltərəni, provaslavlıq Rusiyanı, baptizm ABŞ, qatı şiəizm İranın, nurçuluq Türkiyəni, vəhabilik Səudiyyə Ərəbistanını, ibranilik İsraili, budizm Hindistan və Yaponiyanı, katoliklik İtaliya-İspaniya, Argentina-Braziliyanı dövlət (həm də birləşdirici cəmiyyət – millət) kimi formalaşdırıb, ayaq üstə saxlayıb, keçmişdən birbaşa gələcəyə aparıb, hətta Çinin özü belə Konfutsizmə qayıtdığına görə sürətli inkişafa qədəm qoyub…
Bizim tariximizdə də Qızılbaşlar -Səfəvilər imperiyasını məhz Xətai babamızın Şiəizmi dini təriqətdən dövlətçilik-milli, siyasi-ideoloji texnologiya səviyyəsinə qaldırılmasından sonra baş verdi. Bəsi savadsızlar və pafoslu türkçülərin səfsəfələrinə rəğmən, Şah babamızın şiəliyi farslara heç bir dəxli yoxdur, əksinə, farslar hələ də atəşpərəstlik və ilkin İslam – ərəbçiliyə bulaşmış sünniliyin tərəfdarları olublar…
Məhz ideoloji Şiəizm Azərbaycan və İranı bir imperiya daxilində birləşdirdi – okeandan-okeana böyük Azərbaycan dövləti yarandı: bu zaman türklərlə yanaşı 12 qəbilə, tayfa, xalqı -talış, kürd, ləzgi, tata, dağ yəhudiləri, gilanlı, fars, türkmən, ərəb, osmanlıvə b. – birləşdirən Qızılbaşlılar bu dini ideologiyası – Şiəizm göydən yaranmamışdı, tarixi, geosiyasi proseslərin məntiqi nəticəsi idi. Avropada bayaq adlarını sadaladığım protestantlıq, baptizm, lüteranlıq və s. yaranada öz zamanında dünyaya diktə edən dövlət və siyasi xadim Şah babamız Xətai də İslamın “protestanlığı” sayılan mübariz, tərəqqipərvər Şiəizmi irəli sürdü: ona qədər bunu Füzuli, Nəimi, Nəsimi, hürifilər ideoloji düşüncə – fəlsəfi texnologiya səviyyəsinə qədər yetişdirmişdilər…
Liberal Şiəizmini indiki fanatik İransayağı şiə dindarlığıyla səhv salmayın, onda bütün dinlərə və məzhəblərə açıq bir münasibət var. İsa Məsih – İmam Mehdi (Nəsimi, Nəimi, Xətai), İsanın 12 həvarisi – 12 imam (12 qızılbaşlar), İsanın çarmıxa çəkilməsi, İmamların (İmam Hüseynin) şəhid edilməsi, kilsə xoru, ilahilər – muğam avazı üzərində oxunan mərsiyyələr, yəhudilərin 3 dəfə namaz-duası, şiələrin də Namazı 3 dəfəyə birləşdirməsi, Buddanın sadəliyi və müdrikliyi – İmam Əlinin İslam fəlsəfəsi və sadə həyatı: bir sözlə, liberal Şiəizmdə bütün inanclıları birləşdirən mütərəqqi bir yol var ki, onu mütləq Azərbaycanın çağdaş milli ideologiyası səviyyəsində qaldırmaq lazımdır.
Bu zaman Şiəizm yalnız Azərbaycanı deyil, əksər türksoylu və irandilli millətləri birləşdirəcək bir vahid Şərq demokratik sivil texnologiyaya çevrilməsi imkanını da unutmaq lazım deyil…

Aydın Xan Əbilov

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq,