Lənkəranda şəhərdaxili küçələrə, magistral və kəndlərarası yollara yenidən asfalt döşənir

0
494

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında yol infrastrukturunun yenidən qurulmasına geniş yer verilib. Ötən dövr ərzində Dövlət proqramlarının icrası nəticəsində ölkəmizin hər yerində olduğu kimi, Lənkəran rayonunda da bu sahədə irimiqyaslı layihələr həyata keçirilib. Rayonda ümumi uzunluğu 200 kilometrədək olan şəhərdaxili küçələr, magistral və kəndlərarası yollar yenidən asfaltlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son illər Lənkəranda 7 iri yol layihəsi həyata keçirilib. Koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, bu ilin birinci yarısında Lənkəran və Liman şəhərlərində 8 küçəyə asfalt döşənib.
Rayonun ən böyük yaşayış məntəqələrindən olan Haftoni qəsəbəsini Ləj kəndi ilə birləşdirən, yararsız vəziyyətə düşdüyündən sakinlərin narahatçılığına səbəb olan yol ağır texnikalar vasitəsilə hamarlanıb, bünövrəsi çınqılla möhkəmləndirilərək yenidən qurulub.
Burada 3200 kvadratmetr yol sahəsinə isti asfalt döşənib, yol çiyinləri yenidən qurulub, suötürücü qurğular quraşdırılıb və yol boyu abadlıq işləri görülüb.
Haftoni qəsəbəsində yol infrastrukturunun yenidən qurulması rayonda turizmin inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir.
Qəsəbənin Ələt-Astara-İran İslam Respublikası magistral avtomobil yoluna bitişik ərazidə yerləşməsi və burada yeni istifadəyə verilmiş beynəlxalq əhəmiyyətli İstisu Müalicə və İstirahət Mərkəzinin fəaliyyət göstərməsi turizmin inkişafı üçün geniş imkanlar açır. Qəsəbəətrafı yolların asfaltlanması bu imkanları daha da genişləndirəcək.