Koronavirus dünya ölkələrində mədəniyyət tədbirlərini də iflic etdi – Azərbaycanda isə… UNESCO-nun virtual konfransının göstərdiyi fakt…

0
342

Aydın Xan Əbilov: “Azərbaycanın virtual məkana çevik adaptasiya olunmasının əsas səbəblərindən biri…”

Koronavirus pandemiyası bütün sahələrə, o cümlədən də mədəniyyət sahəsinə ciddi zərər vurub. Pandemiya ilə əlaqədar olaraq bütün beynəlxalq mədəniyyət layihələrinin, konsertlərin, tədbirlərin təxirə salındığı haqda qərarlar qəbul edilib. Bu gün, demək olar ki, dünya ölkələrində bu səpkidə tədbirlər keçirilmir.

Məlum olduğu kimi, UNESCO-ya üzv dövlətlərin Mədəniyyət nazirlərinin ilk virtual görüşü keçirilib. Nazirlərin virtual görüşünün təşkilində əsas məqsəd COVID-19 pandemiyasının mədəniyyət sahəsinə təsiri, eləcə də bu çərçivədə görülən tədbirlərlə bağlı nazirlər arasında fikir mübadiləsinin aparılması olub. Görüşdə dünyanın 180-dən çox ölkəsindən nazirlər və digər yüksək səviyyəli rəsmilər iştirak ediblər.

Mədəniyyət Nazirliyindən “Bakı-Xəbər”ə verilən məlumata görə, COVID-19 pandemiyası ilə bağlı dünyada yaranmış vəziyyət bir çox sahə kimi, mədəniyyət sahəsinə də təsirsiz ötüşməyib, mədəniyyət məkanlarına gediş məhdudlaşdırılıb, əksər mədəni tədbir təxirə salınıb və ya ləğv olunub.

UNESCO Mədəniyyət nazirlərinin birinci virtual görüşündə çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev öncə pandemiya dövründə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyilə ölkəmizdə həyata keçirilən tədbirlər barədə danışaraq, ölkə başçısı tərəfindən imzalanan müvafiq sərəncamlar haqqında məlumat verib. Bu sahədə dövlət qurumlarının fəaliyyətini əlaqələndirən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın gərgin fəaliyyəti sayəsində ölkəmizdə pandemiya ilə bağlı vəziyyətin vaxtında nəzarətə götürüldüyü və xəstəliyin geniş yayılmasının qarşısının alındığı diqqətə çatdırılıb.

Xüsusi karantin şəraitində dövlətimizin həyata keçirdiyi müxtəlif sosial proqramlar haqqında da məlumat verən Ə.Qarayev daha sonra Mədəniyyət Nazirliyi tərəfindən də 20-dən artıq layihənin həyata keçirildiyini qeyd edib. Misal olaraq “Evdə qal, evdə yarat” təşəbbüsü, “Bizi birləşdirən mədəniyyət”, “Yaradıcılığı evdə öyrən” və digər layihələrdən danışan nazir onların mövcud şəraitdə xüsusi önəmini vurğulayıb.

Mövcud şəraitdə qlobal layihələrin əhəmiyyətindən söz açan nazir, həmçinin, bildirib ki, Azərbaycan UNESCO tərəfindən 15 aprel tarixindən etibarən açıq elan edilən “ResiliArt” qlobal hərəkatına fəal şəkildə qoşulub və bu hərəkatı ölkəmizin yaradıcı adamları arasında təbliğ etməkdədir.

Qeyd edək ki sözügedən hərəkat COVID-19 pandemiyasının mədəniyyət sahəsinə hərtərəfli təsiri barədə məlumatlılıq səviyyəsini artırmağı və incəsənət adamlarını bu böhran zamanı və böhrandan sonra da dəstəkləməyi hədəfləyir.

  • “Virtual məkanda fəaliyyətə hazır olmadıqları üçün dünyanın bir çox dövlətində pandemiya mədəniyyət tədbirlərini iflic etdi”

Koronavirus dünyada mədəniyyət tədbirlərini də iflic etdiyi bir dönəmdə Azərbaycanda mədəniyyət layihələrinin həyata keçirilməsi səbəbini şərh edən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirdiyi tədbirlərlə, əslində, dünya dövlətlərini qabaqlayıb. A.X.Əbilovun sözlərinə görə, Azərbaycana aid maddi və qeyru-maddi mədəni irs nümunələrinin daxil edildiyi UNESCO ilə bu ağır dövrdə ölkəmizin əməkdaşlığı davam etdirməsi, virtual görüşdə pandemiya dövründə yaranan layihələri təqdim etməsi təqdirəlayiqdir. “Bu gün bütün bəşəriyyət koronavirus pandemiyasına görə karantin dövrünü yaşayır, bir sıra vacib qadağalar insanları evdə qalmağa, evdə yaratmağa, evdən cəmiyyətə faydalı olmağa sövq edir. Bilirsiniz ki, artıq Azərbaycanda mədəniyyətlə bağlı layihələrin icrası, o cümlədən də bütün sahələrdə tədbirlər virtual olaraq keçirilir. Pandemiya bütün dövlətlərin qarşısına bir sıra tələblər, şərtlər qoydu, onlardan ən əsaslarından biri tədbirlərin, görüşlərin virtual şəkildə keçirilməsi ilə bağlı idi. Açığını deyək ki, Azərbaycandan fərqli olaraq, bir çox dövlət virtual tədbirlərin keçirilməsinə, layihələrin gerçəkləşdirilməsinə hazır deyildi. Virtual məkanda fəaliyyətə hazır olmadıqları üçün dünyanın bir çox dövlətində pandemiya mədəniyyət tədbirlərini iflic etdi, layihələrin dondurulmasına səbəb oldu, ölkəmiz isə bu vəziyyətə hazır olduğu üçün, şəraitə uyğun layihələr hazırlamağa nail oldu. Azərbaycanın virtual məkana çevik adaptasiya olunmasının əsas səbəblərindən biri ölkədə pandemiya ilə mübarizə istiqamətində hazırlanan önləyici tədbirlər sırasına məhz bu virtual məkanda fəaliyyət qurmaq məsələsinin də daxil edilməsi idi”.

A.X.Əbilov hesab edir ki, Azərbaycan dövlətinin vaxtında reallaşdırdığı elektron hökumət layihəsi, “ASAN xidmət” təsisatı, eləcə də internet xidmətləri bu kimi hallarda insanların köməyinə gəldi. Bu işlərə pandemiyadan əvvəl başlandığını deyən müsahibimizin sözlərinə görə, bu cür fors-major hallarda həmin o vasitələr insanların həyatına müsbət mənada təsir göstərib. O qeyd etdi ki, ali və orta məktəblərin, kitabxanaların, eləcə də mədəniyyətin digər sahələrinin, muzeylərin elektronlaşdırılması, bütövlükdə isə bu sahədə həyata keçirilən layihələr hazırda gərəkli olduğunu bir daha sübut edir. “Pandemiya dövründə Mədəniyyət Nazirliyinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin, eləcə də digər aidiyyəti QHT-lərin, o cümlədən də kitabxana.net portalının bütün resursları ictimaiyyət üçün açıq elan edilib. Bu da gətirib ona çıxardı ki, insanlar evdə qala-qala virtual olaraq mədəniyyət hadisələrinin içində oldular. Bu istiqamətdə mütəxəssislər, KİV çox güclü maarifləndirici işlər apardılar. Həm dövlət, həm də özəl qurumlar “Evdə qal” haştagı ilə müxtəlif virtual aksiyalar həyata keçiriblər. Ölkə muzeylərinə virtual səyahət layihəsindən tutmuş, tamaşalara, kitabxanalara qədər, kitabxanalarda oxucularla virtual görüşlərə qədər çoxsaylı tədbir keçirilib. Pandemiya dövründə müxtəlif virtual mədəniyyət tədbirlərinin keçirilməsi, o cümlədən də Mədəniyyət Nazirliyi tərəfindən 20-dən artıq layihənin gerçəkləşdirilməsi Azərbaycan mədəniyyətinin virtual qatının yaradılmasına xidmət edir. Düşünürəm ki, bu davamlı olmalıdır. Çünki artıq dünya virtuallaşır və bu baxımdan da mədəniyyət, incəsənət sahəsində də virtuallaşmaya xüsusi önəm verilməlidir”.

A.X.Əbilov bundan əlavə, Azərbaycan təhsilində virtuallaşmanı da qeyd etdi. O bildirdi ki,  telekanallarda və xüsusi internet portallarında virtual, onlayn dərslərin keçirilməsi də dövlətimizin bu istiqamətdə hazırlıqlı olduğunun sübutudur.

İradə SARIYEVA