Kompensasiyaların verilməsinin son müddəti açıqlandı

0
27

Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Amrahbank”, “AGBank”, “Atabank” və “NBC Bank” ASC-lərdə qorunan əmanətlər üzrə fiziki şəxslərə (sahibkarlar istisna olmaqla) kompensasiyaların verilməsinin son müddətləri barədə bildiriş yayıb.

ADIF-dan verilən məlumata görə, LPO “Atabank” ASC və “Amrahbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların verilməsi və ya kompensasiya vəsaitləri ilə öhdəliklərinin əvəzləşdirilməsi 8 may 2025-ci il tarixdə, LPO “NBC Bank” ASC və “AGBank” ASC-də isə bu müddət 17 may 2025-ci tarixdə bitir.

Həmin tarixdən sonra məbləğ “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82.1.8-ci maddəsinə əsasən sonuncu növbə üzrə təminatsız kreditor tələbi kimi qeydə alınacaq.

Qeyd edilən müddət və tarixləri nəzərə alaraq LPO “Amrahbank”, “AGBank”, “Atabank” və “NBC Bank” ASC-lərdə bugünədək qorunan əmanətlər üzrə kompensasiya almayan şəxslərə onların vaxtında müraciət etməsini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlərlə birlikdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16 ünvanında yerləşən Əmanətlərin Sığortalanması Fonduna müraciət etmələri tövsiyə olunur.