Komitə sədri marketlərdəki çörək davasından DANIŞDI: “Aldıqları bir ay onlara bəs edəcək”

0
544

“Xüsusi karantin rejiminin sərtləşdirilməsinə görə, əhalinin marketlərdən aldığı ərzaqlar bundan sonra bir ay da onlara bəs edəcək”.

Bunu Yeni TV-nin efirində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, sərtləşdirilmiş xüsusi karantin rejimində çörək də, ərzaq da hamıya çatdı, heç kim acından ölmədi.

Deputat söyləyib ki, əhali sərtləşdirilmiş karantin rejimində marketlərin iki gün bağlı olmasını böyük faciə kimi qəbul edir.

“Marketlər iki gün bağlı olanda nə baş verir ki?! Kənd yerlərində bəzən həftələrlə mağazalar açılmırdı. Hər kəsin evində indi qaz peçi, elektrik sobası var. Bir kilo un alıb ailəyə çörək bişirmək olardı”, – deyə M.Quliyev əlavə edib.

Baş nazir Əli Əsədovun qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilib.

Qərara əsasən, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək sərt qadağalar tətbiq edilib.

Bu müddət ərzində həmin ərazilərdə mağazalar, apteklər, ticarət mərkəzləri, restoranlar tam bağlanıb.

İyunun 5-də isə Bakıda mağazalarda, marketlərdə çörəyin, ərzağın normadan artıq satılması müşahidə edilib.