Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasının üzvü, müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan baş nazir Nikol Paşinyanın impiçmenti prosesinə münasibət bildirib.
Köçəryan bu ideyanı ələ salıb. Bundan əvvəl Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan parlamentin müxalifət fraksiyalarının dəstəyi ilə itaətsizlik aksiyalarının və impiçment prosesinin başlandığını elan edib. Arxiyepiskopun sözlərinə görə, bunun üçün parlamentin 20 səsi çatışmır.
“Qoy gəlsinlər, impiçment prosesinə başlasınlar, amma din xadiminin özü dedi ki, onlara 20 səs çatmır. Bu səsləri haradan alacaqlar?” – deputat bildirib.
Köçəryanın sözlərinə görə, arxiyepiskop Qalstanyan istəsə, yalnız 2026-cı ildə keçiriləcək seçkilərlə baş nazir ola bilər. Bu halda arxiyepiskop öz siyasi komandası ilə seçkilərdə iştirak etmək üçün müraciət etməli və uğur qazanarsa, baş nazir olmalıdır.