Bu suala kim necə cavab verirsə versin, inam qəlbimizin arzusuna və aynasına bağlıdır. Şübhələr bu yolu çatlatsa da, yenə də bu yolla yıxıla-yıxıla olsa da, yürüyürük.
- Niyə?
-Bunu yaradan bilir, biz yox. Amma, yenə də, bilməyə çalışmaqdan əl çəkmirik.
Hər kəs kimi, mən də başlıqdakı suallara cavab axtarıram.
Kimə, nəyə və niyə inanmağımızın sübutu da qəlbimizin istəklərinə və bilgilərinə bağlıdır. Sevdiyimiz birinə inanmadıqda necə yaşayaq?
Bəli, belə bir vəziyyətdə də inamsızlığın çarələrini axtarırıq. Bizə bu ağrını verən səbəblərə haqq qazandırmağa, yaxud inamsızlığımızı qınamağa…
Bəli, bu da hər kəsə aid deyil. Duyğular çox fərqlidir. Əlbəttə, mənim sözüm qəlbi mənə yaxın olanlaradır.
İnanmadan yaşamağı da hər kəs bacarmır. Daim inamsızlıqla və bunu özünə dərd etməklə yaşayanlar da var. Maraq çərçivəsi xoşluqla qurulanlar isə, hər kəsin yalanını, doğrusunu gizlətməyə eytiyacı olması ilə əlaqələndirirlər. Əlbəttə ki, bu yalanların hər birinə haqq qazandırmaq deyil. Sadəcə bu yolun yolçularına yazığı gəlməkdir, nifrət daşımaq yox…
İnamsızlıq çox insanlarda nifrətin təməli olur. Əgər yalan kiməsə pislik gətirmirsə, nifrətə eytiyacı yoxdur. Nifrətin təməli – inamsızlıq olmamalıdır. Bu təməl insanlara acı yaşatmaqdan yaranır.
Bəli, burada da insanlar bölünür. Bir çox acı yaşayan insanları buna sürükləyən təkcə yalanlar deyil, bir də paxıllıqdır. Bir çox insanları məhv edən bu hissin yanında inamsızlıq kiçik kölgədir. Çünki o hiss çox pisliklərə yol açır, inamsızlıq isə qəlbi yaralayır.
İnamsızlığı özümüzdən uzaqlaşdırmağa çalışaq, əgər onun mənbəyi bizə zərər vermirsə… Sevdiklərimizə və bizi sevənlərə hər zaman inanaq. Həyatda bizə xoşluq verən nə varsa ona inanaq və şübhələrə, pis düşüncələrə qapılmayaq.
İnanmadığınız hər şeydən, hər kəsdən isə uzaq durun. Bu, heç vaxt xeyir gətirməyəcək. Bir ömür boyu inamsızlıqla özünüzə zülm etməyin. Xeyir və şər dünyasında, hələ ki, ən çox xeyir qalib gəlir.
-Kimə inanaq?
— Hər kəsə.
-Nəyə inanaq?
— Gördüyünə.
-Niyə inanaq?
— Safsan deyə. ..
Sənubər Səhər