Kaş ki, sözünün ətalətindən qurtulun

0
424

İnsanın yaşadığı anların, saatların, illərin və bu vaxtların insanın həyatındakı izlərinin izahı hər dəfə müxtəlif olur. Oxşarlıq ancaq hüznlü olmasıdır. Keçmiş hər bir halda hüznlüdür. Geridə qalmasına sevindiyimiz olaylar olsa belə “kaş belə olmayaydı” deməyə bilmirsən. Amma bizim “kaş həmişə elə olaydı” sözlərini dediyimiz vaxtlar da olur.
Kaş sözünün şeytana rnəxsus olması ilə bağlı dini fikirlər var. Amma bu sözü dilinə gətirən insanların çoxluğunu nəzərə alsaq dünyanın şeytanlarla dolu olmadığı üçün həmin fikirləri bizə düzgün çatdırılıb-çatdırılmaması şübhə altında qalır.
Mənim sizə demək istədiyim arzuladığım odur ki, hər kəsə hüzn gətirən bu kəlmədən uzaq olasınız. Hər hansı nöqteyi nəzərdən yanaşsaq belə bu kəlmənin hər bir kəsə xeyiri olmadığı hər kəsə məlumdur. Önəmli olan həyatımızın hazırki hər hansı məqamında atdığımız addımları yetərincə ölçüb-biçməkdir.
Pisliyə qarşı pislik etməməkdir. Yaxşılıqlara şükür etməkdir.
Hər hansı xoşagəlməz hadisə qarşısında “Allah daha betərindən qorudu” deyə düşünməkdir. Səhvləri təkrar etməməyə çalışmaqdır. Səbirli olmaqdır. Arzularınızdan heç bir zaman əl çəkməyin. Bu arzuların reallaşması üçün uzun illər lazım olsa belə, əziyyətlər çəkmək gərək olsa belə. Təbii ki, əgər bu arzular kiməsə pislik etmək deyilsə. Hər zaman gülümsəyin. Pisliyə qarşı belə. Bədxah əməllərin qurbanı deyil, bu əməli törədənlər ağlamalıdır.
Əbədi dünyaya pisliklərlə deyil, yaxşılıqlarımızla gedək. Can verən insanı gözünüzün önünə gətirin. O məqamda hər kəs bu dünyadakı əməllərini düşünür, hər kəsdən halallıq istəyir, halallıq diləyir. O məqamı, “o yolu” rahat keçmək istəyən hər kəs hər addımında yalnız bunu fikirləşməlidir’: “Özümlə yalnız yaxşılığmı aparmalıyam”. Bunu düşünən çox az adam tapılar ki, pislik etməyi bacarsın. Məncə “kaş ki”, kəlməsini işlətməməyin bir yolu da daim fəaliyyətdə, hərəkətdə olmaqdır. Yəni, işləmək, yazmaq, oxumaq, qaçmaq, oynamaq lazımdır. Sonuncu söz bəlkə kimlərəsə gülməli gələcək. Amma yenə də deyirəm: oynamaq, mahnı oxumaq (utananlar təklikdə də oxuya bilər) insanı mənfi streslərdən azad edə bilən ən gözəl yoldur. Hətta ahıl yaşda belə oynamaq rəqs etmək həvəsinə düşməyən insanlar yazıqdırlar. Yazıq sözünü heç bir insan xoşlaya bilməz. O zaman yazıq olmayın. Şikəst insanların belə yerində oturduğu vəziyyətdə əllərini oynatdığını, oxuduğunu görmüşəm. Yazıq olan qəlbindəki mənfur duyğuların əsiri olandır.
Onu da demək lazımdır ki, “kaş ki” kəlməsini gələcək arzularla bağlı işlətdiyimiz ‘məqamlar da var. Həmin məqamlardan bu sözün işlədilməsinə qarşı etiraz edənlər olmasa da, məncə “kaş ki” demək əvəzinə, arzuların reallaşması yolunda bacardığımız addımları atmalıyıq. Hər dəqiqənizin, hər anınızın gözəlliklə, sevinclə, ümidlə, səbrlə, xoş əməllərlə keçməsi arzusu ilə… hələlik.

Sənubər