“COVID-19 xəstəliyinə yoluxma hallarının qarşısının alınması üçün Azərbaycan hökumətinin qəbul etdiyi qərarlar, həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir və bu, şübhəsiz, bizi sevindirməyə bilməz. Virusun yayılmağa başladığı ilk mərhələdə hökumətimizin həyata keçirdiyi önləyici tədbirlər, əhalinin maarifləndirilməsi üçün görülən işlər, vətəndaşların sosial problemlərinin həlli, iş yerlərinin qorunması və məşğulluğun təmin edilməsi, iqtisadiyyatın postpandemiya dövrünə hazırlanması, tənəzzülün qarşısının alınması üçün gerçəkləşdirilən layihələr, xüsusi karantin rejimində insanların həyati təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq olunan innovativ mexanizmlər Azərbaycanı pandemiyaya qarşı mübarizədə əldə edilən müsbət nəticələrə görə ön sıralara çıxarıb. Təbii ki, bunlar qürurvericidir, amma arxayınlaşmaq üçün heç bir əsas yaratmır. Məsuliyyətsiz davranışlarımız, xüsusi karantin rejiminin yumşaldılmasından sui-istifadə hallarının artması koronavirusun yayılmasının ikinci dalğasına yol aça bilər. İkinci dalğa isə bizi həm vətəndaş, həm də dövlət olaraq daha acı və bəlkə də qarşısının alınması indikindən dəfələrlə ağır olan reallıqlarla üz-üzə qoya bilər”.
Bu fikirləri açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.
Ekspert qeyd edib ki, ikinci dalğanın baş verəcəyi təqdirdə virusun yayılmasının ərazi, yaxud istiqamət baxımından konkret nöqtələr üzrə qarşısının alınması mümkün olmayacaq. Yəni, virusun yayılmağa başladığı ilk mərhələdə COVID-19-un ölkəyə kənardan “daxil olmasının” və yayılmasının qarşısının alınması sərhədləri bağlamaqla, hadisələrin gedişinə, prosesin dinamikasına uyğun olaraq virusun yayıla biləcəyi əraziləri və fəaliyyət istiqamətlərini müəyyənləşdirib məhdudiyyətlər tətbiq etməklə mümkün olurdusa, ikinci dalğanın baş verəcəyi təqdirdə yuxarıda sadaladığım önləyici tədbirlərin yenidən effektiv nəticələrə gətirib çıxaracağına heç kim zəmanət verə bilməz. Çünki sərhədlər bağlı olduğu üçün virusun yayılmasının ikinci dalğası daxildə və həm də ən müxtəlif ərazilərdə vüsət alacaq. Bu isə konkret nöqtələr üzrə “zərbələr”in vurulmasına imkan verməyəcək, proses kütləvi xarakter alacaq və bu da kütləvi şəkildə testlərin aparılması deməkdir. Kütləvi testlərin aparılması isə öz növbəsində, böyük maliyyə və insan resursları tələb edir ki, hazırda dünyanın ən nəhəng iqtisadiyyatlarının belə bu prosesə hazır olmadığını görürük.
Ekspert əlavə edib ki, digər tərəfdən, dünyanın müxtəlif ölkələrində aparılan təcrübələr sübuta yetirir ki, virusa təkrar yoluxma halları mümkündür və bu halda xəstəlik simptompsuz keçdiyi üçün onun yayılma təhlükəsi daha da artır. Yəni, virusa təkrar yoluxan insanlar bunu demək olar ki, hiss etmirlər və özləri də bilmədən, istəmədən virusun “könüllü” yayıcısına çevrilirlər. Burada nəzərə alınması vacib olan mühüm amillərdən biri də qlobal iqtisadi böhranın yaşandığı, gəlirlərin azaldığı bir dönəmdə dövlətin maliyyə resurslarına qənaət edilməsi ilə bağlıdır. Təsəvvür edək ki, ikinci dalğa baş verir və hökumət insanların həyati təhlükəsizliyini təmin etmək üçün xüsusi karantin rejimini sərtləşdirmək məcburiyyətində qalır. Həyati əhəmiyyət kəsb edən sahələr istisna olmaqla bütün iş yerləri bağlanır. Daha çox insan evdə qalmalı olur və nəticədə dövlət daha çox insanın sosial müdafiəsinin təmin edilməsi, daha çox iş yerinin qorunması, daha çox xəstənin müalicəsi üçün vəsait ayırmalı olur. Azərbaycanın iqtisadi imkanları nə qədər geniş olsa da tükənməz deyil. Biz uzun illər ərzində çox böyük əmək sərf edərək bugünkü duruma gətirdiyimiz iqtisadiyyatımızı bir virusa qurban verə bilmərik və verməməliyik də. Biz məsuliyyətsiz davranışlarımızla dövlətimizi gücdən salmamalıyıq. Həyat koronavirusla başlamayıb və koronavirusla bitməyəcək. Xalq və dövlət olaraq daha böyük strateji hədəflərimiz var və hədəflərə çatmaq üçün topladığımız gücü insanların laqeyd və məsuliyyətsiz davranışları ucbatından istismar etməməliyik.
Ekspert vurğulayıb ki, Prezident İlham Əliyev COVID-19 virusuna qarşı mübarizənin leytmotivinə çevrilən “Biz birlikdə güclüyük!” şüarını irəli sürəndə təkcə xalq-dövlət birliyini nəzərdə tutmamışdı. Bu şüar, ilk növbədə, bütün Azərbaycan vətəndaşlarının bir-birilərinin həyatlarını, sağlamlıqlarını, Azərbaycan dövlətinin resurslarını qorumaq üçün daha məsuliyyətli davranmalarına çağırışdır. Xüsusi karantin rejimi yumşalsa da, məsuliyyət hissimiz yumşalmamalıdır.