Kamil Zeynallı həbs edildi – RƏSMİ

0
710

Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmış araşdırmalarla Bakı şəhər sakinləri Nadir Qafarzadə, Kamil Zeynallı və başqa şəxslər tərəfindən internet informasiya ehtiyatında, o cümlədən informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyaların, foto və vidogörüntülərin yayılması halları müəyyən edilib.

Bu barədə Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.

Belə ki, inzibati xətalar haqqında qanunvericiliyin tələblərini pozduğuna görə Kamil Zeynallı barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1 (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) və 517-2.6-ci (hərbi vəziyyət rejiminin tələblərinin pozulması) maddəsinə əsasən Füzuli rayon prokurorluğunda inzibati xətalar haqqında işlər üzrə icraat başlanmış və toplanmış material baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Füzuli rayon məhkəməsinin qərarı ilə K.Zeynallı barəsində 10 gün müddətinə inzibati tənbeh növündə həbs seçilib.

Bundan başqa, qeyd edilənlərlə əlaqədar Nadir Qafarzadə Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan edilib.

Eyni zamanda, bu növ hərəkətlərə yol vermiş digər şəxslərlə də profilaktik söhbətlər və maarifləndirici işlər aparılıb.