Bütöv xoş günlərimdə ürəyimin fərəhi arzuların kölgəsində qalır. Bitib tükənməyən arzuların çoxu çətinlikdə qalanların sıxıntıdan qurtarmasıdır. Normal insanların heç biri tək sevinə bilmir. Tək özünə xoşluq etmək şeytana aiddir. Hər birimizə ətrafdan sevinc gəlməsə dünya boşluğa çevrilər. Hər kəsə yardım etmək heç kimin iqtidarında olmasa da heç birimizin imkansız olmaması ümumdünya arzusudur. Milyonerlər saysız olsa da yenə də ac yatanlar var. Sizcə bunun səbəbi nədir?
İlahi, səmavi, dünyəvi, mənəvi, sosial, siyasi səbəblərin, düşüncələrin hər biri bu suala rahatlıq gətirir. Doğrudur “pulun varsa dərdin, problemin yoxdur” demək düzgün deyil..
Əksinə, yüksək imkan qurmaq çox böyük problemdir, əziyyətdir. Kimin dərdini çəkəsən bilmirsən vallah.
Təbii ki, dərd sözü el dilindən götürülüb. Hər kəs hamının dərdini çəkmir. Sadəcə ürəyi geniş insanlar imkanlarına şükür etməklə yanaşı, ətrafındakıların çətinliyinə də bacardıqları qədər yardım etməyə çalışırlar. Çünki bu cür insanlara qisməti tək yemək nuş olmur.
Bu hissiyat insanlıq yarananda mövcuddur və ali insanlığın təməl daşıdır və eyni zamanda insanlığın qorunmasının silahıdır.
Yer üzündə yardımların sayı hesabı yoxdur. Heç vaxt da olmayıb. Bütün zehni, ruhi strukturlar isə salınsa da heç bir nəticə əldə olunmayıb, çarə yalnız yardım olub və buna şükür etmək qalıb. Məncə bu dünya ürəyi təmiz, mərhəmətli, geniş, cəfakeş insanların hesabına hələ də durur, dağılmayıb. Nə qədər özünə hamıdan üstün tutan, laqeyd ,insafsız insanlar olsa da hələ azdır
Əsrlərin sınağından çıxmış dünya bundan sonra da dəyişməyəcək. Artıq buna inanaq, imtahanın sonu indidən bəllidir. Gözəl insanı keyfiyyətlərdən, duyğulardan, əməllərdən uzaq insanlar tezliklə başlarına çarə axtarmalıdırlar
Kainatın hədiyyəsini gözləyək..
Sənubər Səhər